“Elektrikin TANAP-ı” bütün türk dünyasını birləşdirəcək - Alparslan Bayraktar

Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik bağlantısı layihəsi “elektrikin TANAP-ı” olacaq.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə V Enerji Forumunda imzalanma mərasimindən sonra keçirilən brifinqdə deyib.

“Bu, əsasən Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan arasında inkişaf etdirdiyimiz interkonnektor layihəsidir. Layihə Azərbaycanın elektrik enerjisinin Gürcüstana, oradan Türkiyəyə, daha sonra isə Bolqarıstana ötürülməsini təmin edəcək. Bu, inkişaf etdirməyə başladığımız mühüm yaşıl enerji layihəsidir. Layihənin hazırlanmasına 2024-cü ildə, COP29-un Bakıda keçirildiyi dövrdə başlamışıq”, – deyə A.Bayraktar bildirib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi dörd ölkənin elektrik sistemlərini bir-birinə bağlamaqdır.

 

“İlk mərhələdə mövcud infrastrukturdan istifadə etməklə başlamaq istəyirik. Hazırda Türkiyə ilə Gürcüstan arasında 700 meqavatlıq işlək elektrik bağlantısı mövcuddur. Həmçinin Bolqarıstanla Türkiyə arasında elektrik bağlantısı var. Hazırda Naxçıvan-Türkiyə elektrik bağlantısı üzərində də işləyirik. Azərbaycanın Gürcüstanla da elektrik bağlantısı mövcuddur”, – deyə nazir qeyd edib.

A.Bayraktar vurğulayıb ki, layihənin mərhələli şəkildə inkişaf etdirilməsi, mövcud infrastrukturdan istifadə olunması və gələcəkdə ötürmə gücünün artırılması nəzərdə tutulur.

“İdeya bu layihəni addım-addım inkişaf etdirmək, mövcud infrastrukturdan istifadə etmək və daha sonra gücü artırmaqdır. Hesab edirəm ki, bu, çox mühüm layihədir. Bunu Qazaxıstan və Özbəkistanla imzaladığımız sazişlə birləşdirsək, düşünürəm ki, bütün türk dünyasını birləşdirəcək”, – deyə Türkiyənin energetika və təbii sərvətlər naziri əlavə edib.