Azərbaycan və Türkiyə elektrik bağlantıları ilə Avrasiyanı birləşdirəcək - Pərviz Şahbazov

Biz təkcə elektrik enerjisinin istehsalını deyil, eyni zamanda elektrik enerjisi bağlantılarını da müzakirə edirik. Azərbaycan və Türkiyə vasitəsilə böyük bir regionu - Avrasiyanı birləşdirmək istəyirik

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumunda imzalanma mərasimindən sonra keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, Türkiyə enerji sektorunu geniş şəkildə təmsil edən nümayəndə heyəti ilə Bakıya gəlib və Azərbaycan-Türkiyə V Enerji Forumu uğurla başa çatıb.

“Ümumiyyətlə, hamıya məlumdur ki, Azərbaycan və Türkiyə arasında mövcud qardaşlıq və tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi nəticəsində son illərdə bu münasibətlər daha da güclü şəkildə inkişaf edir. Şuşa Bəyannaməsi ilə əlaqələrimiz və münasibətlərimiz strateji müttəfiqlik xarakteri alıb”, – deyə P.Şahbazov qeyd edib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsində də əksini tapdığı kimi, enerji əməkdaşlığı iki ölkə ilə yanaşı, daha geniş regionun inkişafına töhfə verir və bu proses bundan sonra da davam etdiriləcək.

Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə arasında həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və STAR kimi nəhəng layihələr təkcə iki ölkənin rifahına deyil, geniş regiona və qlobal enerji bazarının iştirakçılarına da mühüm töhfə verir.

 

“Bizim əməkdaşlığımız, eyni zamanda, Avropa İttifaqının enerji təhlükəsizliyinə böyük töhfə verir. Məhz Türkiyə üzərindən enerji resurslarımız dünya bazarlarına çıxarılır. İstər neft, istərsə də qaz sahəsində bu əməkdaşlıq davam edir. Son illərdə artıq 16 ölkəyə qaz təchizatı həyata keçirmişik və bu, özlüyündə Azərbaycan-Türkiyə əlaqələrinin nə qədər intensiv inkişaf etdiyini göstərən gözəl nümunədir”, – deyə o bildirib.

P.Şahbazov vurğulayıb ki, Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində məqsəd yalnız mövcud əməkdaşlığın davam etdirilməsi deyil, həm də gələcək perspektivlərin və qarşıdakı çağırışların müəyyənləşdirilməsidir.

“Biz neft və qaz sahəsində uğurlu əməkdaşlığımızı elektrikləşdirmə istiqamətində də davam etdirmək istəyirik. Yeni elektrik erasının başlaması ilə rəqəmsallaşma və süni intellektin inkişafı böyük həcmdə, xüsusilə də elektrik enerjisi tələb edəcək. Bu sahədə böyük planlarımız var. Biz təkcə elektrik enerjisinin istehsalını deyil, eyni zamanda elektrik enerjisi bağlantılarını da müzakirə edirik. Azərbaycan və Türkiyə vasitəsilə böyük bir regionu, Avrasiyanı birləşdirmək istəyirik”, – deyə nazir əlavə edib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Türkiyə arasında Naxçıvanla Türkiyə arasındakı elektrik bağlantısı, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik bağlantısı, eləcə də Qara dəniz üzərindən həyata keçirilməsi planlaşdırılan yeni elektrik bağlantıları ilə bağlı məsələlər müzakirə olunur.

“Bunların hamısı həm bərpa olunan elektrik enerjisinin, həm də ümumilikdə elektrik enerjisinin uzaq məsafələrə və bizim üçün maraq kəsb edən regionlara ötürülməsinə imkan yaradacaq. Eyni zamanda, Azərbaycan Qazaxıstan və Özbəkistan, yəni Mərkəzi Asiya ilə də eyni prosesləri davam etdirir. Bütün bunları vahid şəkildə Enerji Forumu çərçivəsində müzakirə edirik”, – deyə P.Şahbazov bildirib.