Türkiyə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin ötürmə imkanlarından daha geniş istifadə etməyi və Mərkəzi Asiya ilə digər Türk dövlətlərinin neft resurslarını bu infrastruktura cəlb etməyi planlaşdırır.
Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində Trend-ə özəl müsahibəsində deyib.
Nazir BTC boru kəmərininregionun və Avropanın enerji təchizatı təhlükəsizliyində mühüm rol oynadığını bildirib.
Onun sözlərinə görə, BTC vasitəsilə Ceyhan terminalından dünya bazarlarına gündəlik təxminən 500-600 min barel xam neft çıxarılır. Kəmərin ötürmə qabiliyyətinin isə daha yüksək olduğunu qeyd edən A.Bayraktar Mərkəzi Asiya və digər Türk dövlətlərinin neft resurslarının da bu infrastruktura cəlb edilməsinin vacibliyini vurğulayıb.
"Bizim məqsədimiz Mərkəzi Asiya və Türk dünyasının neftini də bu xəttə cəlb etmək və mövcud infrastrukturu tam gücü ilə istifadə etməkdir", - deyə o bildirib.
Nazir bildirib ki, Azərbaycan və Türkiyə arasında 1990-cı illərdən başlayan enerji tərəfdaşlığı neft və təbii qazın hasilatından nəqlinə qədər genişlənib.
O qeyd edib ki, TANAP və TAP layihələri Azərbaycan təbii qazının Türkiyəyə və Türkiyə üzərindən Avropaya çatdırılmasında mühüm rol oynayır.
"TANAP vasitəsilə nəql edilən Azərbaycan qazının ümumi həcmi artıq 100 milyard kubmetr həddini keçib", - A.Bayraktar deyib.
Qeyd edək ki, BTC neft kəmərinin ümumi uzunluğu 1 768 kilometrdir.
Boru kəməri Xəzər regionundan çıxarılan xam neftin Aralıq dənizi sahillərinə təhlükəsiz nəqlini təmin etmək məqsədilə inşa olunub.
Layihə Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb ölkələri arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə töhfə verir, eyni zamanda tranzit ölkələrə əhəmiyyətli gəlirlər qazandırır.
Layihənin istifadəyə verildiyi vaxtdan bəri boru kəmərinin marşrutu boyunca yerləşən 550-dən çox yaşayış məntəqəsində 750 mindən artıq insanı əhatə edən minlərlə sosial təşəbbüs həyata keçirilib.
BTC-nin ötürücülük qabiliyyəti günə 1 milyon barel neft təşkil edir. Boru kəmərində diametri 46, 42 və 34 düym olan borulardan istifadə olunur, burada 8 nasos stansiyası və 98 bağlayıcı stansiya fəaliyyət göstərir. Marşrut boyunca neft kəməri bir neçə dağ silsiləsini, 3 mindən çox avtomobil yolunu, dəmir yolu və rabitə xətlərini, həmçinin eni 500 metrədək olan Ceyhan çayı da daxil olmaqla 1 500-dən çox su hövzəsindən kəsib keçir.
Öz dövrünün ən iri və mürəkkəb mühəndis layihələrindən biri hesab olunan BTC-nin tikintisi 2002-ci ilin iyulunda layihənin təsdiqindən 2006-cı ilin mayında tikintinin başa çatmasına qədər, ümumilikdə dörd il davam edib. Tikintinin ən intensiv mərhələsində layihədə 22 min nəfər çalışıb və onların təxminən 80 faizini yerli mütəxəssislər təşkil edib.
İlk neft partiyası 2006-cı il iyunun 4-də Ceyhan terminalında "British Hawthorn" tankerinə yüklənib.