Azərbaycan Mərkəzi Asiya və Qafqaz ölkələri arasında süni intellekt (Sİ) infrastrukturu sahəsində layihələrin ən fəal inkişaf etdiyi ölkələr sırasındadır.
Bu barədə Trend-in əldə etdiyi "Moody’s" Beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir.
Hesabata əsasən, Azərbaycan Qazaxıstan, Özbəkistan və Ermənistanla yanaşı, məlumat emalı mərkəzləri, superkompüterlər və rəqəmsal rabitə sahəsində irimiqyaslı layihələr həyata keçirir.
"İlkin tikinti mərhələsindən əlavə, bu infrastruktur investisiyaları bulud xidmətlərinin, Sİ əsaslı tətbiqlərin, rəqəmsal ixracın və lokallaşdırılmış süni intellekt ekosistemlərinin inkişafına dəstək verə, eyni zamanda ölkələrin geosiyasi əhəmiyyətini artıra bilər",-deyə hesabatda vurğulanır.
"Moody’s" qeyd edir ki, Sİ-nin inkişafı böyük ölçüdə müvafiq infrastruktura qoyulan investisiyalardan asılı olacaq. Layihələrin uğurla həyata keçirilməsi üçün etibarlı elektrik təchizatı, telekommunikasiya şəbəkələri, su və torpaq resurslarına çıxış, həmçinin qabaqcıl hesablama texnologiyaları tələb olunur ki, bu da əhəmiyyətli kapital qoyuluşları zərurəti yaradır.
Agentliyin qiymətləndirməsinə görə, enerji resurslarının əlçatanlığı, ehtimal ki, əsas rəqabət üstünlüklərindən birinə çevriləcək. Xüsusilə Qazaxıstan, Azərbaycan və Özbəkistan mövcud resurs bazasından yararlana bilər. Tacikistan və Qırğızıstan isə hesablama infrastrukturunun ayrı-ayrı istiqamətlərini hidroenergetika bazasında inkişaf etdirir.
"Moody’s" həmçinin Sİ sahəsinə irimiqyaslı investisiyaların cəlb edilməsində dövlət institutlarının mühüm rolunu qeyd edir. İnvestorlar, bir qayda olaraq, aydın tənzimləmə və etibarlı infrastruktura malik iqtisadiyyatlara üstünlük verirlər.
"İnstitutların keyfiyyəti və dövlət siyasətinin həyata keçirilməsindəki fərqlər, böyük ehtimalla, Mərkəzi Asiya və Qafqaz ölkələrində fərqli nəticələrə gətirib çıxaracaq",-deyə hesabatda vurğulanır.
Bununla yanaşı, məlumat emalı mərkəzlərinin, fiber-optik şəbəkələrin və əlaqəli enerji infrastrukturunun tikintisinə tələb olunan əhəmiyyətli kapital xərcləri dövlətin bu cür layihələrdə iştirak üçün maliyyə imkanlarını digər mühüm amilə çevirir.
"Moody’s" Qazaxıstanı ayrıca fərqləndirir. Agentliyin qiymətləndirməsinə görə, bu ölkə süni intellekt, məlumat emalı mərkəzləri və energetika sahəsində layihələrin əlaqələndirilmiş şəkildə təşviqi hesabına regionda Sİ-nin inkişaf tempini formalaşdırır.
Hesabatda qeyd olunur ki, Qazaxıstanın yanaşmasının fərqləndirici xüsusiyyəti özəl sektorun layihələrin maliyyələşdirilməsində iştirakının genişləndirilməsinə yönəlmiş dövlət dəstəyi ilə hesablama, rəqəmsal və enerji infrastrukturunun eyni vaxtda genişləndirilməsidir.