Azərbaycan ilə Almaniya arasında biznes əməkdaşlığı genişlənir

Azərbaycan Prezidenti İlham Əliyevin iyulda Almaniyaya rəsmi səfəri iki ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından da mühüm dönüş nöqtəsi oldu. Səfər çərçivəsində ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin imzalanması və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığın institusional əsaslarını daha da möhkəmləndirib və biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb.

Yaranmış əlverişli əməkdaşlıq mühiti Almaniyanın aparıcı biznes qurumlarının da diqqət mərkəzindədir. Ölkənin ən nüfuzlu sahibkar təşkilatlarından olan Almaniyanın Kiçik və Orta Biznes Assosiasiyası (Bundesverband mittelständische Wirtschaft – BVMW) Azərbaycanla iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini genişləndirərək ölkədə rəsmi nümayəndəliyinin fəaliyyətini “Edel Tower Pharma GmbH” şirkəti ilə əməkdaşlıq şəraitində təşkil etməyə başlayıb.

Şirkətin direktoru və BVMW-nin Azərbaycan nümayəndəliyinin, eyni zamanda, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Almaniya nümayəndəliyinin rəhbəri Elnur Hüseynov AZƏRTAC-a müsahibəsində bildirib ki, nümayəndəliyin əsas məqsədi Almaniya və Azərbaycan işgüzar dairələri arasında birbaşa əməkdaşlığın təşviqi, investisiya imkanlarının genişləndirilməsi və hər iki ölkənin sahibkarları üçün yeni tərəfdaşlıq platformalarının formalaşdırılmasıdır.

“Azərbaycan və Almaniya şirkətləri arasında körpü rolunu oynamaq və mövcud əməkdaşlıq potensialını real biznes layihələrinə çevirməyə çalışırıq. Almaniyanın orta biznesi texnologiya, innovasiya və idarəetmə təcrübəsi baxımından, Azərbaycan isə strateji mövqeyi, dinamik iqtisadiyyatı və yeni investisiya imkanları ilə bir-birini tamamlayan tərəfdaşlardır. İnanırıq ki, qurulan birbaşa təmaslar təkcə yeni müqavilələrə deyil, uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlıqlara yol açacaq”, - deyə E.Hüseynov vurğulayıb.

BVMW-nin xarici iqtisadi əlaqələr üzrə dcraçı direktoru Andreas Yan AZƏRTAC-a açıqlamasında Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin dinamik inkişaf etdiyini və tədricən daha böyük strateji əhəmiyyət daşıdığını vurğulayıb: “Azərbaycan Almaniya üçün artıq təkcə mühüm enerji tərəfdaşı deyil, həm də iqtisadi məkan, investisiya bazarı, Avropa ilə Asiya arasında körpü kimi getdikcə daha böyük maraq kəsb edir.

Bu il Azərbaycanda BVMW-nin növbəti nümayəndəliyini açmaqla fəaliyyətimizi genişləndirməyimiz bizim üçün aydın bir siqnaldır: Biz ölkədə böyük potensial görürük, Almaniya və Azərbaycan şirkətlərini bir-birinə daha da yaxınlaşdırmaq istəyirik”.

Almaniyanın kiçik və orta biznes subyektləri üçün Azərbaycanda yeni imkanların yarandığını qeyd edən Andreas Yan vurğulayıb: “Xüsusilə Almaniyanın orta biznesi üçün, o cümlədən enerji, bərpaolunan enerji, maşınqayırma, infrastruktur, loqistika və rəqəmsallaşma sahələrində əlverişli imkanlar yaranır. Alman-Azərbaycan Biznes Şurasının təsis olunması da hər iki ölkənin iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək əzmində olduğunu göstərir. İndi əsas məsələ yaxşı siyasi dialoqu konkret layihələrə və uzunmüddətli işgüzar əlaqələrə çevirməkdir. Əminəm ki, bir tərəfdən Almaniya texnologiyası və orta biznes təcrübəsi, digər tərəfdən isə Azərbaycanın iqtisadi imkanları və strateji mövqeyi böyük potensial vəd edir. Bu potensialdan birgə istifadə etsək, tərəfdaşlığımız hər iki tərəf üçün davamlı əlavə dəyər yarada bilər”.

Qeyd edək ki, BVMW-nin Assosiasiyanın rəsmi internet resursunda Azərbaycanın iqtisadi potensialı, ölkədə həyata keçirilən struktur islahatları və alman investorları üçün yaradılan əlverişli investisiya mühiti barədə əhatəli məlumat yerləşdirilib.

Dərc olunan məlumatda Cənubi Qafqaz regionunun aparıcı dövləti olan Azərbaycanın zəngin mədəni irsi, təbii resursları və Xəzər dənizinin sahilində yerləşən paytaxt Bakının sürətli inkişafı diqqətə çatdırılır. Bildirilir ki, zəngin neft-qaz ehtiyatlarına malik olan Azərbaycan qlobal enerji bazarında özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Eyni zamanda, ölkə rəhbərliyi fəal diversifikasiya siyasəti yürüdərək xarici sərmayələri daha çox turizm, nəqliyyat-loqistika, kənd təsərrüfatı və innovativ xidmət sektorlarına yönəldir.

Vurğulanır ki, Azərbaycanın Avropa ilə Asiya arasında yerləşən strateji coğrafi mövqeyi onu regionun mühüm ticarət və loqistika qovşağına çevirib. Ölkədə infrastrukturun ardıcıl olaraq modernləşdirilməsi nəqliyyat dəhlizlərinin imkanlarını genişləndirir və bu sahəyə yatırılan xarici sərmayələrin səmərəliliyini artırır. BVMW-nin təhlillərinə əsasən, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, inzibati qaydaların sadələşdirilməsi, güzəştli vergi rejiminin tətbiqi və investorların hüquqlarının qorunması Almaniya sahibkarları üçün zəngin imkanlar yaradır. Qeyd olunur ki, ölkənin zəngin turizm potensialı və dinamik gənc əhalisi də həm ixtisaslı işçi qüvvəsi, həm də böyüyən istehlak bazarı baxımından böyük perspektivlər vəd edir.

Məlumatda, həmçinin diqqətə çatdırılır ki, BVMW-nin Azərbaycan nümayəndəliyi iki ölkənin biznes subyektləri arasında birbaşa dialoqun qurulmasına, alman şirkətlərinin yerli bazara inteqrasiyasına, tərəfdaşlıq və təchizat zəncirinin koordinasiyasına, eləcə də birgə layihələrin həyata keçirilməsinə hərtərəfli dəstək göstərəcək. Bu addımın Almaniya ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin daha da dərinləşməsinə və kiçik və orta biznes səviyyəsində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcəyi gözlənilir.