Səudiyyə Ərəbistanının xam neft tədarükü 30 ilin minimumuna düşüb – BEA

Qlobal neft təchizatı 2026-cı ildə əvvəlki proqnozdan 1,3 milyon barel/gün aşağı olmaqla orta hesabla 100,7 milyon barel/gün təşkil edə bilər.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında bildirilib.

“Avqust ayında qlobal neft təchizatı əvvəlki ayla müqayisədə 1,6 milyon barel/gün azalaraq 100,1 milyon barel/günə düşüb”, – deyə hesabatda qeyd olunub.

IEA-nın məlumatına görə, avqust ayında Hörmüz boğazı və Qırmızı dənizdə tankerlərə və enerji infrastrukturuna hücumlar Səudiyyə Ərəbistanının neft hasilatını əhəmiyyətli dərəcədə azaltmasına səbəb olub.

“Səudiyyə Ərəbistanı ümumi neft hasilatını 2,6 milyon barel/gün azaldıb”, – hesabatda vurğulanıb.

İlkin tanker izləmə məlumatlarına əsasən, təhlükəsizlik risklərinin artması Səudiyyə Ərəbistanının qərb sahilindən ixracın ciddi şəkildə məhdudlaşmasına gətirib çıxarıb.

“Xam neft tədarükü 6 milyon barel/günə düşüb ki, bu da son üç onillikdən artıq müddətdə ən aşağı səviyyədir”, – IEA bildirib.

Hesabata əsasən, OPEC+ ölkələrinin hasilatı avqust ayında 1,8 milyon barel/gün azalaraq 38,8 milyon barel/gün təşkil edib. Agentlik qeyd edir ki, Səudiyyə Ərəbistanının tədarükündəki azalma İran neftinin tədarükünün ABŞ-nin hərbi-dəniz blokadası səbəbindən məhdudlaşması ilə daha da güclənib.

Bununla yanaşı, OPEC+ ölkələri xaricində neft hasilatı 240 min barel/gün artaraq 61,3 milyon barel/günə çatıb. Artım əsasən ABŞ-da təbii qaz mayelərinin (NGL) və BƏƏ-də hasilatın yüksəlməsi hesabına baş verib.

IEA 2026-cı il üzrə proqnozunu da aşağı salıb.

“2026-cı ildə dünya neft təchizatının orta hesabla 100,7 milyon barel/gün təşkil edəcəyi gözlənilir. Bu, əvvəlki hesabatımızdakı proqnozdan 1,3 milyon barel/gün aşağıdır”, – hesabatda deyilir.

 

Agentlik Körfəz ölkələrindən neft təchizatının tam bərpasının 2027-ci ilə qədər təxirə salınacağını gözləyir.

Avqust ayında Körfəz ölkələrinin neft ixracı aylıq ifadədə 2,1 milyon barel/gün azalaraq 13 milyon barel/gün olub. Bunun 10,4 milyon barel/gününü xam neft və kondensat təşkil edib.

“Hörmüz boğazından keçən neft axını 170 min barel/gün azalaraq 7,6 milyon barel/günə düşüb, boğazdan yan keçən ixrac isə 1,9 milyon barel/gün azalaraq 5,5 milyon barel/gün təşkil edib”, – IEA-nın hesabatında qeyd olunub.

Bununla belə, ayın əvvəlindəki hücumlardan sonra Hörmüz boğazından ixracın artdığı bildirilib. Buna İraq və Küveyt neftinin böyük endirimlərlə alınması, eləcə də Səudiyyə Ərəbistanının Oman körfəzi vasitəsilə spot yüklərin daşınmasına başlaması təsir edib.

Qlobal xam neft yükləmələri avqust ayında aylıq müqayisədə 300 min barel/gün artaraq 40,8 milyon barel/günə çatıb. Artım Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalından tədarükün bərpası və Qərbi Afrika ixracının ilin ən yüksək səviyyəsinə – 3,6 milyon barel/günə çatması ilə əlaqələndirilib.

ABŞ-nin neft ixracı 80 min barel/gün artaraq 3,8 milyon barel/günə yüksəlib. Çinin xam neft idxalı isə 330 min barel/gün artaraq 7,3 milyon barel/gün təşkil edib.

IEA-nın proqnozuna görə, 2026-cı ildə OPEC+ hasilatı illik müqayisədə 6,3 milyon barel/gün azalaraq 40,5 milyon barel/gün olacaq. OPEC+ xaricində təchizatın isə 630 min barel/gün artaraq 60,2 milyon barel/günə çatacağı gözlənilir.

“ABŞ, Kanada, Braziliya, Argentina və Qayanadan ibarət Amerika beşliyi 2026-cı ildə təchizatı 1,4 milyon barel/gün artıracaq”, – hesabatda bildirilir.

IEA 2027-ci il üzrə qlobal neft təchizatı ilə bağlı daha yüksək artım gözləyir.

“2027-ci ildə qlobal neft təchizatının 8 milyon barel/gün artaraq 108,7 milyon barel/günə yüksələcəyi proqnozlaşdırılır. OPEC+ hasilatı bu artımın 5,5 milyon barel/gününü təmin edəcək”, – agentliyin hesabatında qeyd olunub.

Hesabatdakı cədvələ əsasən, 2027-ci ildə OPEC+ ölkələrinin ümumi hasilatının 46 milyon barel/gün olacağı gözlənilir.