Laşa Amaşukeli: Orta Dəhliz etibarlı Multimodal ticarət sisteminə çevrilə bilər

Gürcüstan yeni liman tikir və mövcud limanları modernləşdirir, Azərbaycan və Qazaxıstan isə öz növbəsində əsas akvatoriyalarının dərinliyini artırır. Bu, artıq üç ayrı infrastruktur layihəsi deyil, regionun vahid və genişmiqyaslı dəniz infrastrukturunun inkişafı istiqamətində başlanğıcdır.

Bu fikirləri Gürcüstanın “Royal Express” nəqliyyat şirkətinin baş direktorunun müavini, ekspert Laşa Amaşukeli AZƏRTAC-a açıqlamasında deyib.

Onun sözlərinə görə, gəmiçilik və logistika baxımından xüsusilə maraqlı məqam budur ki, bu investisiyalar eyni vaxtda Xəzər və Qara dənizlər arasındakı bağlantının hər iki tərəfində inkişafı təmin edir.

“Real imkanlar o zaman yaranacaq ki, gəmilərin buraxılış qabiliyyəti, limanlar, dəmir yolu bağlantıları və daxili rayonların infrastrukturu paralel şəkildə inkişaf etdirilsin. 2026-cı ilin sonunda Xəzər dənizinin Azərbaycan sektorunda Bakı limanında dərinləşdirmə işlərinə başlanılması və bu işlərin təxminən 18 ay davam etməsi gözlənilir. Layihə həm liman akvatoriyasını, həm də giriş kanalını əhatə edir. Bununla yanaşı, bütün kanallarda və körpülərdə istismar dərinliyinin təxminən 8,8 metr olması nəzərdə tutulur. Bu, Bakıya faktiki olaraq hansı tip gəmilərin daxil ola biləcəyinə birbaşa təsir göstərir”, – deyə agentliyin həmsöhbəti izah edib.

Laşa Amaşukeli qeyd edir ki, bu qovşaqların paralel inkişafı regionun logistikasını yeni səviyyəyə çıxararaq 2000–5000 yükgötürmə qabiliyyətli (dedveyt) kiçik quru yük gəmilərindən və orta ölçülü ümumi yük gəmilərindən tutmuş, Xəzər dənizində quru yüklərin daşınması üçün nəzərdə tutulan iri gəmilərə (suya oturma dərinliyindən asılı olaraq 10 min–15 min dedveyt) qədər müxtəlif tipli donanmaya səmərəli xidmət göstərməyə imkan verəcək. Modernləşdirilən infrastruktur neft məhsullarının daşınması üçün tankerlər (3000–12500 dedveyt), konteyner fiderləri (300–1200 TEU), eləcə də parametrləri birbaşa suya oturma dərinliyindən və yüklənmə şərtlərindən asılı olan 5000–12000 dedveyt tutumlu dəmir yolu və Ro-Ro bərələri üçün nəzərdə tutulur.

“Qazaxıstan da Aktau və Kurık limanlarında dərinləşdirmə işlərinə və limanların modernləşdirilməsinə investisiya qoyur. Bakı, Aktau və Kurık limanları öz buraxılış qabiliyyətlərini artırdıqda, logistika yükü qərbə doğru yönələcək. Yeni Anaklia limanı, mövcud obyektlərin modernləşdirilməsi, dəmir yolu əlaqəsi və ona bitişik infrastruktur – bütün bunlar vahid zəncirin elementləridir. Qazaxıstan, Azərbaycan və Gürcüstan sinxron şəkildə inkişaf edərsə, Orta Dəhliz sadəcə alternativ marşrutdan daha böyük bir sistemə çevriləcək. O, Mərkəzi Asiyanı Qara dəniz və Avropa ilə birləşdirən etibarlı multimodal ticarət sisteminə çevirəcək”, – deyə gürcü ekspert fikrini yekunlaşdırıb.