Timur Abılayev: Azərbaycanla nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi Qırğızıstan üçün prioritet məsələlərdən biridir - ŞƏRH

Qırğızıstan Azərbaycanla nəqliyyat əlaqələrinin inkişafını iqtisadi əməkdaşlığın əsas prioritetlərindən biri hesab edir. Dənizə çıxışı olmayan ölkə kimi Qırğızıstan üçün bu istiqamət xüsusi əhəmiyyət daşıyır. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində nəqliyyat sahəsində qarşılıqlı əlaqələr iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri olaraq qalır.

AZƏRTAC xəbər verir ki, bunu Qırğız Respublikası Prezidentinin yanında Strateji Təşəbbüslər Milli İnstitutunun sədr müavini Timur Abılayev deyib.

“Bu, Qırğızıstan üçün xüsusilə vacib məsələdir, çünki dənizə çıxışı olmayan ölkə kimi biz nəqliyyat xərclərindən, sərhədlərdən keçid prosesinin sürətindən və beynəlxalq nəqliyyat dəhlizlərinə çıxışdan çox asılıyıq. Bu gün Mərkəzi Asiyada avtomobil nəqliyyatı əlaqələri sürətlə inkişaf edir və biz xarici bazarlara çıxmaq üçün Azərbaycanla fəal şəkildə işləyirik. Bu, həmçinin TDT məkanının Asiya ilə Avropa arasında nəqliyyat və iqtisadi körpü kimi əhəmiyyətini artırır”, – deyə o bildirib.

Qırğızıstan nümayəndəsi ticarət və nəqliyyat əlaqələrinin inkişafı üçün şərait yaradacaq maneələrin aradan qaldırılması və prosedurların sadələşdirilməsinin zəruriliyini vurğulayıb: “Belə platformalarda biz müəyyən maneələrin aradan qaldırılması zərurətindən danışmalıyıq. Onlar həmişə olub və olacaq, lakin biz onların necə sadələşdirilməsi barədə düşünməliyik. Əgər aradan qaldırıla bilən prosedurlar varsa, onları həll etmək lazımdır”.

T.Abılayev sərhəd prosedurlarının rəqəmsallaşdırılmasının əhəmiyyətini də qeyd edib.

“Qırğızıstan artıq sərhəd-keçid məntəqələrində bir sıra rəqəmsal həllərdən istifadə edir. Bunlar elektron növbə sistemi, intellektual videomüşahidə, yük nəqliyyatının rəqəmsal nəzarəti və sərhəddən keçid müddətinin azaldılmasına və insan amilinin minimuma endirilməsinə yönəlmiş digər mexanizmlərdir”, – deyə o əlavə edib.

İnteqrasiyanın iqtisadi əhəmiyyətindən danışan Abılayev bildirib ki, ötən il TDT ölkələri arasında ticarət dövriyyəsi təxminən 4 milyard dollar təşkil edib ki, bu da Qırğız Respublikasının xarici ticarətinin təxminən 23-25 faizinə bərabərdir. Onun sözlərinə görə, inteqrasiya proseslərini inkişaf etdirməyə davam etmək və iqtisadi-ticari əməkdaşlıqda mövcud maneələrin müzakirəsi üçün belə platformalardan istifadə etmək lazımdır.