Azərbaycanda qara metallurgiya sahəsinin inkişafını dəstəkləmək məqsədilə əlavə stimullaşdırıcı tədbirlərin və güzəştlərin tətbiqinə dair təkliflər hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramının tədbirlər planında yer alan 8.3.6-cı bəndə əsasən, qara metallurgiya sahəsində əlavə stimullaşdırıcı tədbirlərin və güzəştlərin, o cümlədən dəmir yolu yükdaşıma tarifləri üzrə güzəştlərin tətbiqinə dair təkliflər hazırlanması nəzərdə tutulur.
Sənədə əsasən, 2027–2029-cu illərdə qara metallurgiya sahəsində mövcud bazar şəraiti, istehsal və logistika xərcləri qiymətləndiriləcək. Bunun əsasında sahədə tətbiq oluna biləcək stimullaşdırıcı tədbirlər və güzəştlər müəyyən ediləcək.
Tədbirin icrasına məsul qurumlar kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Maliyyə Nazirliyi (MN) müəyyənləşdirilib.
Dövlət Proqramında qeyd olunur ki, müəyyən ediləcək stimullaşdırıcı tədbirlərin və güzəştlərin iqtisadi səmərəliliyi qiymətləndiriləcək. Eyni zamanda, iqtisadi baxımdan məqsədəuyğun dəstək alətlərinin müəyyənləşdirilməsi və rəqabətli dəmir yolu yükdaşıma tarifi mexanizminin formalaşdırılması nəzərdə tutulur.
Növbəti mərhələdə isə iqtisadi cəhətdən məqsədəuyğun hesab edilən stimullaşdırıcı tədbirlərin və güzəştlərin tətbiqinə başlanılması planlaşdırılır.
Bununla yanaşı, qara metallurgiya məhsullarının daşınması üzrə rəqabətli dəmir yolu yükdaşıma tarifi mexanizminin tətbiqi də nəzərdə tutulur.
Beləliklə, tədbirlər çərçivəsində həm qara metallurgiya müəssisələrinin istehsal və logistika xərclərinin qiymətləndirilməsi, həm də məhsulların daşınması ilə bağlı tarif yükünün optimallaşdırılması üçün mexanizmlərin hazırlanması planlaşdırılır. Bu tədbirlərin 2027–2029-cu illərdə həyata keçirilməsi nəzərdə tutulur.