Çin-Avropa ticarətində yeni logistika modelində Azərbaycan sürətli TIR marşrutlarının əsas halqalarından birinə çevrilir

Çin ilə Mərkəzi və Şərqi Avropa arasında avtomobil yükdaşımalarının sürətlə genişlənməsi Avrasiya logistikasında yeni marşrutların əhəmiyyətini artırır.

AZƏRTAC xəbər verir ki, yeni TIR xətləri yük sahiblərinə ənənəvi dəniz və dəmir yolu daşımalarını tamamlayan daha çevik alternativ təqdim etməklə yanaşı, Azərbaycan və bütövlükdə Cənubi Qafqazın Çin-Avropa ticarətində tranzit mövqeyini gücləndirmək üçün əlavə imkanlar yaradır.

Rumıniyanın Avtomobil Daşıyıcıları Milli İttifaqının (UNTRR) yaydığı məlumata görə, hazırda Çin ilə Mərkəzi və Şərqi Avropa arasında 120-dən çox marşrut üzrə TIR sistemində qeydiyyatdan keçmiş 3700-dən çox nəqliyyat vasitəsi fəaliyyət göstərir. Marşrutlar Mərkəzi Asiya, Qafqaz və Türkiyədən keçməklə geniş coğrafiyanı əhatə edir.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) məlumatları Azərbaycanın formalaşan yeni logistika sistemindəki potensialını xüsusilə göstərir. Belə ki, TIR sistemi vasitəsilə Çindən Azərbaycana yükün təxminən 15 gün ərzində çatdırılması mümkündür. UNTRR-nin təqdim etdiyi məlumatda bu müddətin analoji dəniz daşımaları ilə müqayisədə təxminən iki dəfə qısa olduğu vurğulanır.

Bu göstərici Azərbaycanın yalnız tranzit ölkə deyil, eyni zamanda, Çin mallarının Qafqaz, Türkiyə və daha sonra Avropa bazarlarına yönləndirilməsi üçün logistika qovşağı kimi imkanlarını da ön plana çıxarır. Azərbaycanın Xəzər dənizinin qərb sahilində yerləşməsi, Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən nəqliyyat infrastrukturu və Türkiyə üzərindən Avropaya çıxış imkanları avtomobil daşımalarının genişlənməsi üçün əlverişli coğrafi şərait yaradır.

Çin–Avropa ticarətində alternativ marşrutlara marağın artması Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun – Orta Dəhlizin də əhəmiyyətini artırır. Bu dəhliz Çin və Mərkəzi Asiyadan gələn yüklərin Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Türkiyə və Avropaya daşınmasına imkan verir.

İndiyədək Orta Dəhliz daha çox dəmir yolu və dəniz nəqliyyatının kombinasiyası kimi nəzərdən keçirilsə də, TIR daşımalarının genişlənməsi marşrutun multimodal imkanlarını artıra bilər. Avtomobil nəqliyyatı xüsusilə daha kiçikhəcmli, vaxt baxımından həssas və birbaşa anbara və ya müəssisəyə çatdırılmalı yüklər üçün əlavə çeviklik yaradır.

Bu baxımdan Çin–Azərbaycan istiqamətində təxminən 15 günlük çatdırılma müddəti kommersiya baxımından mühüm göstəricidir. Dəniz nəqliyyatı böyük həcmli yüklərdə maya dəyəri baxımından üstünlüyünü qorusa da, avtomobil daşımaları sürət və “qapıdan-qapıya” çatdırılma imkanları ilə fərqlənir. Bu isə elektronika, avtomobil ehtiyat hissələri, sənaye komponentləri, elektron ticarət məhsulları və digər vaxt həssas yüklər üçün TIR marşrutlarının cəlbediciliyini artıra bilər.

Yeni logistika modelinin inkişafı Çinin öz ərazisində həyata keçirdiyi tədbirlərlə də dəstəklənir. Ölkənin əsas sərhəd-keçid məntəqələrində TIR yük avtomobillərinə üstünlük verən xüsusi “yaşıl dəhlizlər” fəaliyyət göstərir.

Bundan əlavə, beynəlxalq avtomobil daşıyıcılarına kompleks xidmət göstərən 11 xüsusi logistika mərkəzi yaradılıb. TIR sisteminin tətbiq dairəsi elektron ticarət və gömrük nəzarəti altında daşınan digər yük kateqoriyalarını da əhatə edəcək şəkildə genişləndirilib.

Bu dəyişikliklər Çin istehsalçılarının mallarını yalnız dəniz limanları və dəmir yolu terminalları vasitəsilə deyil, birbaşa avtomobil nəqliyyatı ilə Mərkəzi Asiya, Azərbaycan, Türkiyə və Avropa bazarlarına çıxarması üçün əlavə imkan yaradır.

Yeni marşrutların iqtisadi bazası da kifayət qədər böyükdür. UNTRR-nin məlumatına görə, Çin ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında ticarət dövriyyəsi 2025-ci ildə 161,5 milyard ABŞ dollarına çatıb. Qarşılıqlı ticarət ardıcıl on il ərzində artım nümayiş etdirib. 2026-cı ilin ilk yarısında isə ticarət dövriyyəsinin daha 11 faiz yüksəldiyi bildirilir.

Belə həcmdə ticarət yükdaşıma marşrutlarının şaxələndirilməsini iqtisadi zərurətə çevirir. Yük sahiblərinin yalnız bir nəqliyyat növündən və ya bir marşrutdan asılılığını azaltması xüsusilə son illərdə qlobal logistikanın əsas tendensiyalarından birinə çevrilib.

Geosiyasi gərginlik, dəniz yollarında təhlükəsizlik problemləri, təbii fəlakətlər və sərhədlərdə yaranan fasilələr alternativ dəhlizlərə tələbatı daha da artırır. Avtomobil nəqliyyatının üstünlüklərindən biri də belə hallarda marşrutun nisbətən çevik şəkildə dəyişdirilə bilməsidir.

Yeni TIR marşrutlarının inkişafı Azərbaycan üçün yalnız ölkə ərazisindən keçən yük avtomobillərinin sayının artması demək deyil. Yük axınlarının davamlı şəkildə artması logistika terminalları, anbar kompleksləri, gömrük xidmətləri, yük konsolidasiyası və bölüşdürülməsi, nəqliyyat vasitələrinə texniki xidmət və digər əlaqəli sahələrdə əlavə iqtisadi fəaliyyət yarada bilər.

Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, ölkə eyni vaxtda Xəzər hövzəsi, Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Qara dəniz istiqamətlərinə çıxış verən nəqliyyat sisteminin mərkəzində yerləşir. Bu infrastrukturun avtomobil daşımaları ilə daha sıx inteqrasiyası Orta Dəhlizin yalnız tranzit xətti deyil, həm də yüklərin toplanması, emalı və müxtəlif istiqamətlərə bölüşdürülməsi üçün logistika platformasına çevrilməsinə şərait yarada bilər.

Bununla yanaşı, TIR daşımalarının genişlənməsinin real miqyası sərhəd-keçid məntəqələrinin buraxılış qabiliyyəti, gömrük prosedurlarının sürəti, Xəzər keçidindəki logistika və marşrut boyunca ölkələrin qaydalarının uyğunlaşdırılmasından asılı olacaq.

IRU da məhz bu məsələyə diqqət çəkərək marşrut üzərində yerləşən ölkələr arasında prosedurların daha da uyğunlaşdırılmasını vacib hesab edir. TIR sisteminin əsas üstünlüklərindən biri yüklərin bir neçə dövlətin ərazisindən vahid beynəlxalq gömrük zəmanəti altında daşınmasına imkan verməsidir. Bu mexanizm sərhədlərdə təkrar gömrük prosedurlarını azaltmağa və tranzit müddətini qısaltmağa xidmət edir.

Beləliklə, Çin–Avropa avtomobil yükdaşımalarının genişlənməsi Orta Dəhlizin ənənəvi dəmir yolu–dəniz modelini əvəz etməkdən daha çox, onu yeni nəqliyyat imkanları ilə tamamlaya bilər. Çindən Azərbaycana yükün təxminən 15 günə çatdırılması isə Azərbaycanın bu formalaşmaqda olan Avrasiya logistika sistemində potensial rolunu göstərən konkret göstəricilərdən biridir.