Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin “ASAN AI Hub” və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin əməkdaşlığı çərçivəsində Azərbaycan startapları Qazaxıstan bazarına daxil olmağa yönəlmiş beynəlxalq “Central Eurasia Market Entry” (CEME) akselerasiya proqramına qəbul olunub.
AZƏRTAC xəbər verir ki, “Astana Hub” tərəfindən Almatı Akimatının dəstəyi ilə həyata keçirilən “CEME” proqramının fiziki mərhələsi artıq başlayıb. 12 həftəlik proqram çərçivəsində iştirakçı startaplar Qazaxıstan bazarının xüsusiyyətlərini öyrənəcək, potensial müştəri və tərəfdaşlarla əlaqələr quracaq, məhsullarını yerli tələblərə uyğunlaşdıracaq və pilot layihələrin həyata keçirilməsi imkanlarını araşdıracaqlar.
Proqramda iştirak edən Azərbaycan startapları “Park Hub Baku” və “Floume AI” texnoloji həllərini beynəlxalq bazarda inkişaf etdirmək və yeni biznes əlaqələri qurmaq istiqamətində fəaliyyət göstərəcəklər.
“Park Hub Baku" müxtəlif parklanma məntəqələrini vahid mobil tətbiq və abunə modeli altında birləşdirən texnoloji platformadır. İstifadəçilər bir abunə vasitəsilə tərəfdaş parklanma məntəqələrindən yararlana, ehtiyaclarına uyğun plan seçə və tətbiq üzərindən mövcud parklanma yerlərini tapa bilirlər.
Platformanın əsas məqsədi sürücülərin parklanma zamanı vaxt və xərclərini azaltmaq, eləcə də parklanma operatorlarının mövcud yerlərdən daha səmərəli istifadəsini təmin etməkdir. “CEME” proqramı çərçivəsində “Park Hub Baku” öz təcrübəsini Qazaxıstan bazarında genişləndirmək və Almatının şəhər infrastrukturu ilə bağlı ehtiyaclarını araşdırmaq imkanına malik olacaq.
“Floume AI” müxtəlif hədiyyə təkliflərini vahid platformada birləşdirən, süni intellekt dəstəkli onlayn “marketplace”dir. İstifadəçilər büdcə və seçimlərini daxil etməklə süni intellekt vasitəsilə uyğun gül buketi və ya hədiyyə tapa, müxtəlif mağazaların məhsul və qiymətlərini müqayisə edə, sifariş verə və çatdırılmanı izləyə bilirlər. Hazırda 50-dən çox tərəfdaş mağaza ilə əməkdaşlıq edən platforma 10 mindən çox hədiyyənin çatdırılmasını həyata keçirib.
“CEME” proqramında iştirak “Floume AI” üçün Qazaxıstan bazarında yeni müştəri və tərəfdaşlarla əlaqələr qurmaq, həmçinin platformanın inkişaf imkanlarını araşdırmaq baxımından əhəmiyyətli mərhələdir.