Buxarestdə Şərqi Avropanın qlobal ticarət marşrutlarındakı rolu müzakirə olunur

Buxarestdə multimodal nəqliyyat, logistika və strateji infrastruktura həsr olunan EECONNECTED regional forumunun doqquzuncu toplantısı keçirilir.

AZƏRTAC xəbər verir ki, Rumıniyanın “AGERPRES” milli xəbər agentliyinin məlumatına görə, builki tədbir “Şərqi Avropa qlobal ticarət yollarının kəsişməsində” mövzusunda təşkil olunub. Forum nəqliyyat və logistika şirkətlərini, liman və dəmir yolu operatorlarını, sənaye və infrastruktur sektorlarının, investisiya mühitinin və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib.

Müzakirələrdə yeni ticarət axınları, limanların qitədaxili nəqliyyat infrastrukturu ilə əlaqələndirilməsi, kommersiya və strateji məqsədlər üçün istifadə edilə bilən nəqliyyat dəhlizləri, aşağı emissiyalı avtomobil daşımaları və iri sənaye layihələrinin logistikası əsas mövzular sırasındadır.

Forumun ilk paneli limanlarla qitənin daxili nəqliyyat şəbəkələri arasında əlaqələrə həsr olunub. Bildirilir ki, şirkətlər alternativ marşrutlar, daha qısa tranzit müddətləri, həmçinin dəniz, dəmir yolu və avtomobil daşımalarının daha səmərəli inteqrasiyası imkanlarını araşdırırlar.

Digər müzakirələrdə ticarət, nəqliyyat və təhlükəsizlik arasında əlaqə, həm iqtisadi, həm də strateji ehtiyaclara xidmət edə biləcək dəhlizlərin inkişafı, ikili təyinatlı infrastruktur, nəqliyyat imkanlarının genişləndirilməsi və Şərqi Avropada bağlantıların gücləndirilməsi üçün investisiya imkanları nəzərdən keçirilir.

Tədbirdə konteyner daşımalarının həcmi və marşrutları, Şərqi Avropanın beynəlxalq yük axınlarındakı mövqeyi, eləcə də enerji, infrastruktur və sənaye investisiyaları ilə bağlı iri və mürəkkəb logistika layihələri də müzakirə edilir.

Konfransdan sonra nəqliyyat operatorları, texnologiya təchizatçıları, infrastruktur layihələrinin inkişaf etdiriciləri və potensial kommersiya tərəfdaşları arasında B2B görüşlərin keçirilməsi nəzərdə tutulur.