Hazırda Böyük Britaniyada “City, University of London”da kompüter elmləri - süni intellekt istiqaməti üzrə doktorantura təhsili alan Sevinc Teymurova həm də “Richmond American University London”da kompüter elmləri və proqram mühəndisliyi departamentinin direktoru və “assistant professor” vəzifəsində çalışır.
İnformasiya texnologiyaları və proqramlaşdırmaya marağı məktəb illərindən yaranan Sevinc Teymurova bu marağın sonradan kompüter elmləri sahəsini seçməsinə səbəb olduğunu bildirir. Onun sözlərinə görə, real problemlərə texnoloji və praktik həllər tapmaq imkanı bu sahəni seçməsində əsas motivlərdən biri olub.
AZƏRTAC-a müsahibəsində S.Teymurova doktorantura tədqiqatından, Böyük Britaniyada təhsil və akademik fəaliyyətindən, süni intellektin tətbiq imkanlarından, həmçinin yaratdığı texnoloji startapdan danışıb.
- “City, University of London”da təhsil almaq qərarını necə verdiniz? Bu universiteti seçməyinizə nə təsir etdi?
- Universitet seçərkən əsas diqqət yetirdiyim məqamlardan biri onun reytinqi və elmi mühiti idi. Digər mühüm amil isə elmi rəhbər seçimi oldu. Elmi rəhbərimi yalnız dərs deyən akademik kimi deyil, həm də praktiki təcrübəsinə, beynəlxalq elmi əməkdaşlıqlarına və seçdiyim sahə üzrə mütəxəssis olmasına görə seçmişəm. Onun məhz bu universitetdə fəaliyyət göstərməsi də seçimimə təsir edən əsas amillərdən biri idi.
- Hazırda üzərində işlədiyiniz tədqiqat mövzusu nədən ibarətdir? Sadə dillə izah edə bilərsinizmi?
- Doktorantura tədqiqatım “Qraf neyron şəbəkələrindən istifadə edərək ontologiyaların uyğunlaşdırılması” - “ontology alignment” mövzusuna həsr olunub.
Ontologiyanı süni intellekt üçün hazırlanmış ağıllı lüğət və ya bilik xəritəsi kimi təsəvvür etmək olar. Fərqli təşkilatlar və ya sistemlər eyni anlayışı müxtəlif adlarla və ya müxtəlif strukturlarla təsvir edə bilirlər. Məsələn, bir tibbi məlumat bazasında “miokard infarktı”, digərində isə “ürək tutması” ifadəsi istifadə oluna bilər. İnsan bunun eyni xəstəlik olduğunu asanlıqla başa düşür, lakin kompüter bunu hər zaman müəyyən edə bilmir.
Tədqiqatımın məqsədi müxtəlif bilik bazaları arasında uyğunluqları avtomatik müəyyənləşdirmək və onları bir-biri ilə əlaqələndirərək daha geniş məlumat əldə etməkdir. Bundan əlavə, araşdırmam qraf neyron şəbəkələrini məntiqi və riyazi qaydalarla birləşdirərək onların daha məntiqli qərarlar verməsi imkanlarını araşdırır. Bu yanaşma qərarların və proqnozların daha dəqiq və etibarlı olmasına şərait yarada bilər.
Hesab edirəm ki, gələcəyin süni intellekt sistemləri yalnız “öyrənən” deyil, həm də “məntiqli düşünən” sistemlər olmalıdır. Onlar təkcə “gördüklərindən” deyil, həm də “bildiklərindən” istifadə edərək qərar verməlidirlər.
Mənim tədqiqatım da bu istiqamətdə kiçik də olsa töhfə verməyi hədəfləyir. Məqsədim süni intellekti insan kimi düşündürmək deyil. Ən azı insanın asanlıqla fərq etdiyi məntiq səhvlərini etməyən, daha etibarlı və izaholunan sistemlərin yaradılmasına töhfə verməkdir.
- Tədqiqatınızın real həyatda tətbiq imkanları varmı? Bu sahədə hansı problemlərin həllinə töhfə verə bilər?
- Bəli, tədqiqatımın real həyatda tətbiq imkanları genişdir. Məsələn, səhiyyə sahəsində zülalların quruluşunun öyrənilməsi, molekulların qarşılıqlı əlaqələrinin araşdırılması və yeni dərmanların hazırlanması istiqamətində bu yanaşmalardan istifadə etmək mümkündür. Digər məşhur nümunə “AlphaFold” sistemidir. “AlphaFold” biologiyada uzun illər həll olunmamış problemlərdən biri olan zülal quruluşunun proqnozlaşdırılmasına mühüm töhfə verib. Eyni yanaşmanı enerji və neft-qaz sahələrində də tətbiq etmək mümkündür. Məsələn, müxtəlif məlumatları bir-biri ilə əlaqələndirməklə avadanlıqlarda yaranan problemləri daha erkən aşkar etmək və istehsal proseslərini səmərələşdirmək olar.
Maliyyə sahəsində isə müxtəlif mənbələrdən əldə olunan məlumatları əlaqələndirməklə fırıldaqçılığın aşkarlanması, risklərin qiymətləndirilməsi və daha əsaslandırılmış maliyyə qərarlarının qəbul edilməsi mümkün ola bilər.
Mən bu sahələrin hər birində ekspert deyiləm. Lakin kompüter elmləri mütəxəssisi kimi tədqiqatımı müxtəlif sahələrdə tətbiq etməklə problemlərin həllinə töhfə verə bilərəm. Düşünürəm ki, kompüter elmlərinin əsas üstünlüklərindən biri də budur: bu elm bu gün demək olar ki, bütün sahələrdə mühüm rol oynayır.
- Böyük Britaniyada təhsil almaq sizə hansı üstünlükləri qazandırıb?
- Beynəlxalq elmi mühitdə işləmək təcrübəsi qazanmışam. Müxtəlif ölkələrdən və nüfuzlu universitetlərdən olan alim və tədqiqatçılarla birlikdə işləmək imkanım olub. İnternetin (WWW) yaradıcısı Tim Berners-Lee ilə “Solid Symposium”da birlikdə çalışmışam. Bundan başqa, müxtəlif beynəlxalq tədbirlərdə tanınmış alimlərlə əməkdaşlıq etmişəm və dünyanın nüfuzlu universitetlərində dərs demək imkanım olub.
- Xaricdə, xüsusilə də Böyük Britaniyada tələbə həyatı sizin üçün necə keçir? Hansı çətinliklərlə qarşılaşmısınız?
- Artıq 2015-ci ildən Böyük Britaniyada yaşadığım üçün buradakı həyat tərzinə və təhsil sisteminə uyğunlaşmaq mənim üçün çətin olmayıb. Doktorantura dövründə əsas çətinliyim elmi tədqiqatla bağlı olub. Doktorantura səbir, müstəqillik və davamlı öyrənmə tələb edir. Xüsusilə yeni bir sahədə kifayət qədər məlumat və elmi məqalə olmadıqda, bəzən aylarla üzərində işlədiyiniz ideya nəticə vermir və yenidən fərqli yanaşma axtarmalı olursunuz. Mənim üçün əsas çətinlik də məhz bu olub.
- Gələcək planlarınız nələrdir? Təhsildən sonra akademiyada qalmaq, yoxsa sənayedə fəaliyyət göstərmək istəyirsiniz?
- Gələcəkdə əsasən sənayedə tədqiqatçı-mühəndis kimi çalışmağı düşünürəm. Bununla yanaşı, akademik fəaliyyətimi də davam etdirmək istəyirəm. Mənim üçün əsas məqsəd elmi tədqiqatların real problemlərin həllinə xidmət etməsidir. Bu səbəbdən universitetlərdə və ya tədqiqat mərkəzlərində aparılan fundamental tədqiqatlarla sənayenin praktiki ehtiyacları arasında körpü yaradan layihələrdə iştirak etmək istəyirəm.
- Sizin kimi xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclərə hansı tövsiyələri verərdiniz?
- İlk növbədə, özlərinə inanmalarını və elmi rəhbərlərini çox diqqətlə seçmələrini tövsiyə edərdim. Məncə, doktoranturada uğurun böyük bir hissəsi düzgün elmi rəhbər seçimindən asılıdır.
- Siz “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil alırsınız. Proqram çərçivəsində təhsil almaq sizə hansı imkanları yaradıb? Xaricdə təhsil sizə şəxsi və peşəkar baxımdan hansı bacarıqları qazandırıb?
- İlk növbədə, bu yolda bizə dəstək olan Dövlət Proqramına təşəkkür edirəm. Dövlət Proqramı mənə Böyük Britaniyada güclü elmi mühitdə doktorantura təhsili almaq və müasir elmi imkanlardan yararlanmaq şəraiti yaradıb. Mən də bu fürsətdən istifadə edərək Britaniyadakı tələbələri Azərbaycanda keçirilən STEAM festivalına gətirdim. Tələbələrimiz hackathon yarışında birinci yerə çıxdılar və bu uğur universitet tərəfindən də qiymətləndirildi.
Bu təcrübədən ilhamlanaraq doktoranturanın ikinci ilində təhsil sahəsində texnoloji startap – “Quizi AI-Gamification in Education” layihəsini qurdum. Startap qısa müddətdə London merliyi və Böyük Britaniya dövləti tərəfindən dəstəkləndi. Bundan əlavə, “Microsoft Azure” tərəfindən də maliyyə dəstəyi alıb. Ən son isə “City St George’s University” tərəfindən “academic enterprise” kimi qeydiyyata alınıb və hazırda universitet nəzdində fəaliyyət göstərən layihədir. Hazırda başqa bir startap ideyası üzərində də düşünürəm.
- Universitetdə dərs deyirsinizmi? Əgər deyirsinizsə, bu barədə qısa məlumat verə bilərsinizmi?
- Bəli. Tədqiqat fəaliyyətimlə yanaşı, ali təhsil sahəsində də çalışıram. “Imperial College London”, “City St George’s”, “York St John University” və “Walbrook Institute London” kimi universitetlərdə kompüter elmləri üzrə dərs demişəm. Hazırda “Richmond American University London”da kompüter elmləri və proqram mühəndisliyi departamentinin direktoru və “assistant professor” vəzifəsində çalışıram. Doktoranturamı başa vurduqdan sonra isə “associate professor” vəzifəsinə keçməyim təklif olunur.