Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb - Baş nazir

Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb.

Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində “2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları”nın müzakirəsində deyib.

"Hazırda ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 mlrd. $ təşkil edirBu göstərici xarici dövlət borcunu 20 dəfəyə yaxın üstələyir. Birbaşa xarici dövlət borcumuzun səviyyəsi 1 sentyabr tarixinə 4,5 mlrd. $ olmaqla proqnoz ÜDM-in 5,6%-ni təşkil edir. 2026-cı ilin 8 ayında xarici ticarət balansının müsbət saldosu 10 mlrd. $-dan çox olmuşdur.

2026-cı ilin 8 ayında illik inflyasiya 5,7% olmuşdur. Beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi və valyuta bazarının tarazlığı nəzərə alınmaqla növbəti ildə orta illik inflyasiyanın 5,3%-ə düşəcəyi və hədəf diapazonunda olacağı proqnozlaşdırılır", - deyə Ə. Əsədov vurğulayıb.

Baş nazir bildirib ki, strategiyanın qəbul olunduğu 2022-ci ildən 2026-cı ilin gözlənilən artım templəri nəzərə alınmaqla qeyri-neft-qaz sektorunun orta illik artım tempinin 5,1% olacağı gözlənilir.

 

"Qlobal risklərə baxmayaraq cari ilin ötən dövründə ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunmuş və əsas makroiqtisadi göstəricilərimiz dayanıqlıdır".

Ə. Əsədov bildirib ki, ümumilikdə, neft-qaz sektoru üzrə hasilatın və artım tempinin azalması şəraitində iqtisadi artım təmin olunub:

"2026-cı ilin yanvar-avqust aylarında ÜDM real ifadədə 1,2% artmış, o cümlədən, qeyri neft-qaz ÜDM-nin real artımı 2,1%, neft-qaz ÜDM-də isə 0,8% azalma olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyalar 10% artıb.

Cari ilin ilk 8 ayında cənab Prezidentin müvafiq Fərman və Sərəncamları ilə Hökumət tərəfindən kreditlər üzrə faiz subsidiyası mexanizminin ölkə üzrə tətbiqinə başlanılması və büdcədən əlavə vəsaitin ayrılması, nəqliyyat-logistika subsidiyasının verilməsi, bəzi ixrac xərclərinin kompensasiya edilməsi və digər istiqamətlərdə iqtisadi aktivliyə dəstək tədbirləri həyata keçirilmişdir".