2027-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 3,4 milyard manat vəsait ayrılacaq.
Trend-in müxbirinin xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində bu gün keçirilən iclasda deyib.
Baş nazir bildirib ki, hökumətin əsas və vacib prioritet xərc istiqaməti kimi dövlət büdcəsində ən böyük xərclərdən biri həmişə olduğu kimi hərbi-müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi xərcləri olacaq. Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 milyard manat təşkil edəcək.
“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır”, - deyə o əlavə edib.
Ə.Əsədov xatırladıb ki, Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə bu günə qədər 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır.
“Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 25 milyard manatdan çox vəsait ayrılıb. 2027-ci ildə bu məqsədə 3,4 milyard manat vəsait nəzərdə tutulur”, - deyə o qeyd edib.