“AzerGold” QSC Dövlət Proqramı çərçivəsində ümumi investisiya həcmi təxminən 3,63 milyard manat olan 4 strateji layihə həyata keçirəcək.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu “AzerGold” QSC İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, söhbət Kəlbəcər rayonunda yerləşən Söyüdlü qızıl, Naxçıvanda yerləşən Ortakənd qızıl, Balakəndə yerləşən Filizçay polimetal və Daşkəsən dəmir filizi layihələrindən gedir.
“Bu layihələrin ümumi investisiya həcmi təxminən 3,63 milyard manat, ümumi iqtisadi dəyəri isə 60,4 milyard manatdır. Məlum olduğu kimi, dağ-mədən və metallurgiya layihələri böyük kapital qoyuluşu və uzunmüddətli maliyyələşmə tələb edir. Cənab Prezident də müşavirədə qeyd etdi ki, bu sahədə dövlət investisiyaları ilə yanaşı, yerli və xarici özəl kapitalın cəlb edilməsi üçün imkanlar genişləndirilməlidir”, - deyə Z. İbrahimov bildirib.
O qeyd edib ki, “AzerGold” strateji layihələrin maliyyələşdirilməsində əsasən şirkətin daxili gəlirləri və borc vəsaitlərindən istifadə etməyi planlaşdırır.
“Eyni zamanda, xüsusilə iri və kapitaltutumlu layihələr üzrə özəl və xarici investorların iştirak imkanlarını da nəzərdən keçiririk. Sadaladığım layihələr şirkətin daxili və borc vəsaitləri, dövlət büdcəsi və potensial investorların iştirakı hesabına maliyyələşdiriləcək. Maliyyələşmənin sadəcə 10 faizi dövlət büdcəsi hesabına təmin olunacaq”, - deyə sədr vurğulayıb.
Z. İbrahimov bildirib ki, xronoloji ardıcıllıqla ilk istehsala başlanılacaq layihə Kəlbəcərdəki Söyüdlü qızıl yatağıdır.
“2028-ci ildən etibarən layihənin istismar dövrü 9 il, qızıl resursu 1,03 milyon unsiya, iqtisadi dəyəri 7,5 milyard manat, tələb olunan investisiya isə 425 milyon manat nəzərdə tutulur. Layihə “AzerGold”un daxili və borc vəsaitləri hesabına maliyyələşdiriləcək”, - deyə o bildirib.
İkinci layihənin Naxçıvanda yerləşən Ortakənd qızıl yatağı olduğunu qeyd edən Z. İbrahimov ilk istehsalın 2029-cu ildə nəzərdə tutulduğunu deyib.
“Layihənin istismar dövrü 9 il, qızıl resursu 246 min unsiya, iqtisadi dəyəri 1,8 milyard manat, tələb olunan investisiya isə 255 milyon manatdır. Layihə “AzerGold”un daxili və borc vəsaitləri hesabına maliyyələşdiriləcək”, - deyə İdarə Heyətinin sədri bildirib.
Onun sözlərinə görə, Söyüdlü və Ortakənd layihələri üzrə ümumilikdə təxminən 1,28 milyon unsiya əlavə qızıl resursunun hasilata cəlb edilməsi ölkənin qızıl istehsalının və ixracının artırılmasına imkan verəcək.
Filizçay üzrə ilk istehsal 2031-2032-ci illərdə planlaşdırılır “AzerGold”un sədri bildirib ki, Filizçay polimetal yatağı üzrə ilk istehsalın 2031-2032-ci illərdə başlanması nəzərdə tutulur.
“34 illik istismar dövrü ərzində yatağın 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi planlaşdırılır. Layihənin iqtisadi dəyəri 29,7 milyard manat, tələb olunan investisiya isə 1 milyard manatdır”, - deyə Z. İbrahimov qeyd edib.
O bildirib ki, Filizçay layihəsinin ilkin mərhələsində “AzerGold” yatağın 100 faiz səhmdarı kimi fəaliyyət göstərəcək.
“Vurğulandı ki, istismar irəlilədikcə yatağın iqtisadi dəyəri artacaq və bundan sonra, zərurət yarandığı halda, müəyyən pay əsasında xarici investorların layihəyə cəlb edilməsi nəzərdən keçirilə bilər”, - deyə sədr əlavə edib.
Z. İbrahimovun sözlərinə görə, Filizçay layihəsinin icrası yeni ixrac imkanları yaradacaq və ölkədə yeni sənaye istiqamətinin formalaşmasına şərait yaradacaq.
“Eyni zamanda regionun sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına və dağ-mədən sənayesi ətrafında əlaqəli sahələrin formalaşmasına təkan verəcək. Layihənin icrası ilə hasilat və emal proseslərinə xidmət göstərən yerli podratçı və təchizatçı şirkətlərin, logistika və digər xidmət sahələrinin fəaliyyətinin genişlənməsi üçün də yeni imkanlar yaranacaq”, - deyə o bildirib.
İdarə Heyətinin sədri Daşkəsən dəmir filizi layihəsi üzrə ilk istehsalın 2030-cu ildə nəzərdə tutulduğunu da açıqlayıb.
“Mədən, zənginləşdirmə, boru kəməri, pellet və isti briketlənmiş dəmir – İBD zavodlarını əhatə edən layihə üzrə 20 illik istismar dövründə 40 milyon ton İBD məhsulunun istehsalı planlaşdırılır. Layihənin iqtisadi dəyəri 24 milyard manat, tələb olunan investisiya isə 1,95 milyard manatdır. Maliyyələşmə dövlət büdcəsi, borc vəsaitləri və investorların iştirakı hesabına təmin ediləcək”, - deyə Z. İbrahimov bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində Daşkəsən mədənindən çıxarılan filiz əvvəlcə mədənin ərazisində inşa ediləcək zənginləşdirmə zavodunda emal olunaraq konsentrata çevriləcək.
“Daha sonra konsentrat pellet istehsalı üçün Şəmkir rayonunda tikilməsi nəzərdə tutulan zavoda nəql ediləcək. Bu məqsədlə ölkədə ilk dəfə uzunluğu 40 kilometrdən çox olacaq şlam boru kəmərinin inşası planlaşdırılır. İstehsal zəncirinin son mərhələsində isə pelletdən polad sənayesi üçün əsas xammallardan biri olan isti briketləşdirilmiş dəmir istehsal ediləcək”, - deyə o qeyd edib.
Z. İbrahimov bildirib ki, illik istehsal gücü 2 milyon ton olacaq zavod Qərb Sənaye Parkının Şəmkir rayonu ərazisinə düşən hissəsində inşa ediləcək.
“Bu layihənin həyata keçirilməsi ölkədə yüksək keyfiyyətli polad istehsalı üçün dayanıqlı xammal bazasının formalaşdırılmasına imkan verəcək. İstehsal olunacaq illik 2 milyon ton həcmində məhsul daxili bazarın tələbatını ödəyəcək, tələbatdan artıq məhsullar isə ixraca yönəldiləcək. Bu isə bir tərəfdən idxaldan asılılığın azalmasına, digər tərəfdən isə ixrac potensialının genişlənməsinə, qeyri-neft sektorunun inkişafına və dövlət büdcəsinə əlavə gəlirlərin təmin edilməsinə töhfə verəcək”, - deyə “AzerGold”un İdarə Heyətinin sədri vurğulayıb.