Rumıniyanın Azərbaycandan neft idxalı 18,8 faiz artıb

Rumıniyanın Azərbaycandan xam neft idxalı bu ilin ilk 8 ayında nəzərəçarpacaq dərəcədə artıb.

AZƏRTAC xəbər verir ki, Rumıniyanın “Profit.ro” nəşrinin təhlil etdiyi məlumatlara əsasən, yanvar-avqust aylarında Rumıniya Azərbaycandan 924 min 913 ton xam neft idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz çoxdur.

İdxal olunan Azərbaycan neftinin dəyəri illik müqayisədə 35,5 faiz artaraq 581,7 milyon ABŞ dollarına çatıb.

Məlumata görə, Rumıniyanın payına Azərbaycanın ümumi xam neft ixracının 6,3 faizi düşüb. Bununla da Rumıniya İtaliya və Çexiyadan sonra Azərbaycan neftinin üçüncü böyük ixrac bazarı olub.

Müqayisə üçün, İtaliya ilin ilk səkkiz ayında Azərbaycandan 8,47 milyon ton xam neft idxal edib. Çexiyanın idxalı isə 1,06 milyon ton təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə Rumıniya Azərbaycandan xam neft və neft məhsulları daxil olmaqla ümumilikdə 1,11 milyon ton məhsul idxal edib.