Qars-İğdır-Dilucu Dəmir Yolu Xəttinin tamamlanması ilə Türkiyənin Orta Dəhlizlə əlaqəsi daha da güclənəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Anadolu” agentliyinə müsahibəsində bildirib.
A. Uraloğlu qeyd edib ki, planlaşdırılan layihələr başa çatdıqca Türkiyənin dəmir yolu sektorundakı əhəmiyyəti beynəlxalq və regional miqyasda əhəmiyyətli dərəcədə artacaq. Onun sözlərinə görə, Türkiyə Avropa ilə Asiya arasında təxminən 75 milyard dollarlıq nəqliyyat həcmindən daha böyük pay alacaq və dəmir yolu nəqliyyatının mərkəzinə çevriləcək.
Uraloğlu Türkiyənin Orta Dəhlizdəki mövqeyini gücləndirməyə yönəlmiş investisiyaların da davam etdiyini vurğulayıb və aşağıdakı qiymətləndirmələri edib:
“Dəniz yolu ilə 45 günə qədər davam edə bilən qitələrarası nəqliyyat müddəti Türkiyə üzərindən dəmir yolu ilə 18 günə endirilə bilər. Marmarayın istifadəyə verilməsi ilə Asiya ilə Avropa arasında dəmir yolu əlaqəsi gücləndirilib. Qars-İğdır-Dilucu dəmir yolu xəttinin tamamlanması ilə Türkiyənin Orta Dəhlizlə əlaqəsi daha da güclənəcək. Bu kontekstdə dəmir yolu investisiyalarımızı yalnız Türkiyənin şəhərlərini birləşdirən nəqliyyat layihələri kimi deyil, həm də Türkiyəni beynəlxalq yükdaşımalarında əsas mərkəzə çevirməyi hədəfləyən daha geniş logistika strategiyasının bir hissəsi kimi nəzərdən keçiririk”.