2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda müzakirə olunan məsələlər müasir dünyanı düşündürür. Biznesin və ümumiyyətlə dövlətlərin inkişafını təmin edəcək məsələlər barəsində fikir və ideyaların səsləndirilməsi olduqca faydalıdır. Müzakirə olunan mövzular arasında “Bərpaolunan enerji və yaşıl infrastruktura investisiyaları asanlaşdıran siyasət güzəştləri və əlverişli çərçivələr”, “Yaşıl enerji layihələrində təchizat zənciri ilə bağlı çətinliklər, o cümlədən texnologiya, avadanlıq, maliyyələşdirmə və icra ilə bağlı məhdudiyyətlər”, “Yaşıl elektrik enerjisi ötürülməsi və regional bazar inteqrasiyası daxil olmaqla, sərhədlərarası enerji əlaqə layihələrinin inkişafı” və digərlər mövzular siyasi xadimlər və dövlət rəhbərləri ilə yanaşı biznes qurumlarını da maraqlandırır.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı türkiyəli iş adamı Muhəmməd Ərən Burak deyib.
Onun sözlərinə görə, bu gün dünyada yaşıl iqtisadiyyata keçid məsələləri çox müzakirə olunur.
“Bu istiqamətdə Türkiyədə də bir sıra addımlar atılıb. Lakin bu heç də asan iş deyil. Yaşıl enerjidən istifadə, onun səmərəliliyi, tətbiqi və biznesə təsiri aktual məsələdir. Azərbaycan bu sahədə irəliləyişlərə nail olub. Mərkəzi Asiyadan Avropaya qədər uzanan “Yaşıl enerji dəhlizinin” həyata keçirilməsində iştirak edən Azərbaycan və Türkiyədə teni texnoloji şirkətlərin meydana gəlməsi üçün mühit yaranacaq. Forumda bu kimi mövzuların müzakirəsi, eyni zamanda, Azərbaycanda biznesin növbəti və yeni mərhələyə keçdiyini göstərir. Bu mərhələdə yeni texnologiyaların biznesə sirayət edəcəyi müşahidə olunacaq. Azərbaycanda yeni texnologiyaya əsaslanan biznes üçün səmərəli imkanlar yaradılıb və bu imkanlardan istifadə etmək lazımdır”, - deyə Muhəmməd Ərən Burak əlavə edib.