Nazir müavini: 30 min dövlət qulluqçusu süni intellekt və kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunacaq

Azərbaycanda gələn aydan etibarən 30 min dövlət qulluqçusunun süni intellekt və kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunmasına başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Ağıllı iqtisadiyyatlar: Süni intellekt, innovasiya və rəqəmsal transformasiya” mövzusunda panel sessiyada çıxışında deyib.

Nazir müavini bildirib ki, insan kapitalının inkişafı Azərbaycanın rəqəmsal transformasiya gündəliyinin ayrıca istiqamətidir.

“İnsan kapitalı özlüyündə ayrıca bir proqramdır və Azərbaycan hökuməti buna ciddi diqqət yetirir. Biz işə dövlət xidmətinin özündən başlamışıq. Gələn aydan etibarən 30 min dövlət qulluqçusunun süni intellekt və kibertəhlükəsizlik üzrə təliminə başlayırıq. Proqramın gələcəkdə bütün dövlət sektorunu, daha sonra isə əhalini əhatə etməsi nəzərdə tutulur. Biz hesab edirik ki, süni intellektin geniş ictimaiyyət üçün də böyük imkan və potensialı var. İnsanlar bu texnologiyalardan gündəlik həyatlarında məhsuldarlığı artırmaq üçün geniş istifadə edə bilərlər”, – deyə nazir müavini vurğulayıb.