Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü keçirilir

25-26 sentyabr tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – “AIIF 2026”) ikinci günü başlayıb.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, forumun ikinci günündə “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma”, “Qeyri-maddi investisiyalar: Gələcəyin kapitalı və iqtisadi artımın yeni hərəkətverici qüvvəsi”, “İnsan kapitalına və gələcək bacarıqlara investisiya” adlı panel sessiyalarının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirib. Plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar barədə fikir mübadiləsi aparılacaq. Müzakirələrdə Azərbaycanın etibarlı enerji tərəfdaşı və tranzit qovşağı kimi formalaşmış mövqeyindən sənaye istehsalı, investisiya və regional dəyər zəncirlərinin inkişafını dəstəkləyən daha geniş iqtisadi platformaya çevrilməsi xüsusi diqqət mərkəzində olacaq.

 

Forum nüfuzlu beyin mərkəzlərinin tərəfdaşlığı ilə təşkil edilib. Forumun strateji tərəfdaşı olan “The European House – Ambrosetti & TEHA Group” Avropanın aparıcı beyin mərkəzlərindəndir və iqtisadi siyasət, investisiya və rəqabətqabiliyyətlilik üzrə analitik araşdırmaları ilə tanınır.

Xəbər yenilənəcək