Azərbaycan iri maliyyə resursları hesabına istənilən texnologiyanı əldə edə bilsə də, ölkənin dayanıqlı inkişafında kadr potensialı və toplanmış təcrübə əsas rol oynayır.
Bunu Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə deyib.
Dövlətimizin başçısı bildirib ki, ölkədə savadlılıq səviyyəsinin 100 faizə yaxın olması və təhsil sahəsində görülən geniş işlər kadr potensialının artırılmasında vacib rol oynayır.
Neft-qaz sahəsində qazanılan uğurlu idarəçilik təcrübəsini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, hazırda ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşsə də, ixracda neft-qazın üstünlüyünü azaltmaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq da davam etdirilir.
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. Forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, Avropa Evinin (Ambrosetti) strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunan plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunur.