II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində artıq 10 milyard dollardan çox potensial investisiyanı əhatə edən razılaşmalar imzalanıb.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, forumda dünyanın müxtəlif ölkələrindən böyük investisiya fondlarının nümayəndələri iştirak edir.
“Onlar ümumilikdə 30 trilyon dollardan çox vəsaiti idarə edirlər. Təbii ki, bu qurumlar Azərbaycana investisiya yatırmaq üçün bütün mümkün variantları nəzərdən keçirirlər. Çox ümid edirik ki, belə bir forumun nəticəsində real layihələr ortaya çıxacaq və investisiyalar həyata keçiriləcək”, - deyə Ş.Mövsümov bildirib.
Onun sözlərinə görə, forum çərçivəsində artıq 10 milyard dollardan çox potensial investisiyanı əhatə edən razılaşmalar imzalanıb.
“Eyni zamanda, daha böyük layihələr, xüsusilə rəqəmsallaşma və transformasiya sahəsində müəyyən zəminlər yaradılıb”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Ş.Mövsümov Azərbaycanda məlumat mərkəzlərinin (data center) inkişafı üçün ölkənin enerji potensialının mühüm üstünlük olduğunu vurğulayıb.
“Azərbaycanın üstünlüyü məhz ondan ibarətdir ki, bizdə çoxlu yaxşı, ucuz və gələcəkdə potensial olaraq yaşıl enerji var. Bu gün Prezident İlham Əliyev də Azərbaycanda bərpa olunan elektrik enerjisi sahəsində böyük enerji potensialının olduğunu elan etdi”, - deyə o bildirib.
2027-ci ilin dövlət büdcəsi layihəsi və Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcminin azalması ilə bağlı sualı cavablandıran Ş.Mövsümov bildirib ki, büdcənin artımı davam edir.
“Büdcənin artımı davam edir, gördüyünüz kimi, büdcə azalmır. Büdcə çərçivəsində Neft Fondundan transfertlər müəyyən qədər azalır. Bu da Azərbaycanın daha uzunmüddətli və dayanıqlı neft resurslarından istifadəsinin göstəricisidir. Amma proqramlar davam edəcək”, - deyə o qeyd edib.
Ş.Mövsümovun sözlərinə görə, Neft Fondunun vəsaitlərinin artması müsbət göstəricidir.
“Azərbaycanın etibarlı tərəfdaş olması və Azərbaycan iqtisadiyyatının dayanıqlığını sübut edən göstəricilərdən biri ehtiyatlarımızın artmasıdır. Bu ehtiyatların artması çox pozitiv haldır. Amma bu, o demək deyil ki, biz neft gəlirlərindən istifadə etmirik. Növbəti ildə dövlət büdcəsində Neft Fondundan 7 milyard dollar transfert nəzərdə tutulur. Bu, kifayət qədər böyük məbləğdir”, - deyə Prezidentin köməkçisi bildirib.
O qeyd edib ki, hökumət son illərdə qeyri-neft sektorunun inkişafını dəstəkləmək məqsədilə çoxsaylı güzəşt alətləri yaradıb.
“Onların hamısının son məqsədi Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu alətlərin əksəriyyəti dövlət büdcəsindən maliyyələşir və birbaşa layihələrə deyil, daha çox sektorun inkişaf etdirilməsi üçün güzəştlərin tətbiqinə yönəldilir. Yenilik daha çox bundan ibarətdir”, - deyə Ş.Mövsümov vurğulayıb.
Onun sözlərinə görə, investisiyalar büdcə çərçivəsində əvvəlki kimi davam edəcək.
“Büdcə çərçivəsində investisiyalar azalmır, investisiyalar necə var, elə də davam edir. Müvafiq sahələr üzrə investisiyalar, infrastruktur layihələri, dağ-mədən sənayesi və kənd təsərrüfatı üçün vəsaitlər nəzərdə tutulur. Eyni zamanda, vəsaitlərin bir hissəsinin artıq güzəştlərə yönəldilməsi, yəni birbaşa layihələrə deyil, daha çox özəl sektorun inkişaf etdirilməsi üçün müvafiq güzəşt alətlərindən istifadə olunması nəzərdə tutulur”, - deyə Ş.Mövsümov əlavə edib.