Zəngilan rayonunda Oxçuçayın üzərində inşa edilmiş “Cahangirbəyli” Kiçik Su Elektrik Stansiyası (KSES) fəaliyyətə başladığı dövrdən bu ilin sentyabr ayınadək 45,6 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Ümumi gücü 10,5 meqavat olan “Cahangirbəyli” KSES hər biri 5,25 meqavat gücündə 2 ədəd hidroaqreqatdan ibarətdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Qeyd edək ki, “Cahangirbəyli” KSES 2023-cü ilin sentyabrın 28-də istismara verilib. İşğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələrinin yaradılması yaşıl enerjinin inkişafına, istixana effekti yaradan qazların emissiyasının azaltmasına, ətraf mühitin qorunmasına və təmiz şəhər mühitinin formalaşmasına mühüm töhfə verir.