Qlobal iqtisadiyyatda ticarət marşrutlarının, istehsal mərkəzlərinin və logistika şəbəkələrinin yenidən formalaşdığı bir dövrdə nəqliyyat dəhlizləri yalnız malların bir məntəqədən digərinə daşınmasını təmin edən marşrutlar olmaqdan çıxır. Dəhlizlər, eyni zamanda, ölkələrin iqtisadi rəqabət qabiliyyətini, investisiya cəlbetmə potensialını, regional bağlantılardakı mövqeyini və beynəlxalq iqtisadi sistem daxilindəki çəkisini müəyyən edən əsas amillərdən birinə çevrilir. Bu transformasiya, xüsusilə Asiya ilə Avropa arasındakı ticarət əlaqələrinin şaxələndiyi və alternativ marşrutlara marağın artdığı mövcud şəraitdə Cənubi Qafqazın geoiqtisadi əhəmiyyətini daha da artırır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukçu deyib.
Mehmet Gökhan Özçubukçu qeyd edib ki, Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bu transformasiyanın iqtisadi aspektlərinin müzakirə edildiyi mühüm platformalardan biri olub. Forumda Orta Dəhliz, nəqliyyat və logistika, enerji, rəqəmsal transformasiya, sənaye, azad iqtisadi zonalar və investisiya imkanları birlikdə nəzərdən keçirilib. Beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard dollar olan investisiya layihələrini əhatə edən 23 sənədin imzalanması logistika ilə investisiya gündəminin getdikcə daha çox bir-biri ilə əlaqələndiyini göstərir.
Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər Azərbaycanın dəhlizlərə yanaşmasının yalnız tranzit daşımalarla məhdudlaşmadığını göstərməsi baxımından əhəmiyyətlidir. Prezident Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərində fəal iştirak edən azsaylı ölkələrdən biri olduğunu bildirərkən, ölkə ərazisindən daşımaya olan tələbin artdığına diqqət çəkib. Həmçinin 2030-cu ilədək Azərbaycan ərazisindən həyata keçirilən tranzit yükdaşımalarının həcminin 25 milyon tona çatdırılmasının hədəfləndiyini açıqlayıb.
“Bu açıqlamalar Azərbaycanın dəhliz siyasətinin nəqliyyat infrastrukturundan kənara çıxan daha geniş iqtisadi vizyonun bir hissəsi olduğunu göstərir”, – deyə o vurğulayıb.
Ekspert diqqətə çatdırıb ki, Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına göndərdiyi müraciətdə Azərbaycanı Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən, Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsi və keçid kimi xarakterizə edib. Eyni müraciətdə Orta Dəhlizin Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirdiyi vurğulanarkən, formalaşmaqda olan Zəngəzur Dəhlizinin, digər adı ilə TRIPP marşrutunun Azərbaycanın regional mərkəz mövqeyini daha da gücləndirəcəyi və Avrasiya üzrə ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacağı qeyd olunub.
Mehmet Gökhan Özçubukçunun sözlərinə görə, bu yanaşmanın iqtisadi baxımdan mühüm nəticələrindən biri nəqliyyat infrastrukturunun istehsal və ticarət infrastrukturu ilə inteqrasiyasıdır. Forum proqramında Orta Dəhlizin “ticarət, sənaye və logistika potensialının üzə çıxarılması” çərçivəsində müzakirə edilməsi də bunu göstərir. Bu Azərbaycanın yalnız yüklərin keçdiyi tranzit ölkə olmaqdan kənara çıxaraq, nəqliyyat marşrutları üzərində iqtisadi dəyər yaradan mərkəz formalaşdırmaq hədəfini ortaya qoyur.
Ekspert qeyd edib ki, Azərbaycanın Xəzər dənizi üzərindən Mərkəzi Asiya ilə bağlantısında multimodal daşımalar xüsusi əhəmiyyət daşıyır. Dəmir yolu, avtomobil və dəniz nəqliyyatının bir-biri ilə inteqrasiya edilməsi Orta Dəhlizin səmərəliliyinin artırılması baxımından mühüm amildir. Azərbaycanın Bakı Limanı, dəmir yolu infrastrukturu və Xəzər keçidləri üzərindən formalaşdırdığı sistemin gücləndirilməsi ölkənin tranzit imkanları ilə yanaşı, logistika xidmətləri baxımından da mövqeyini inkişaf etdirə bilər.
Onun sözlərinə görə, rəqəmsal bağlantılar da bu modelin tamamlayıcı elementlərindən biridir. Prezident forumda Azərbaycan ilə Qazaxıstan arasında Xəzərin dibi ilə çəkiləcək fiber-optik rabitə xəttinin 2026-cı ilin sonunadək fəaliyyətə başlamasının planlaşdırıldığını açıqlayıb. Bu isə nəqliyyat dəhlizlərinin artıq yalnız fiziki marşrutlardan ibarət olmadığını göstərir.
“Bu vəziyyət Orta Dəhlizin gələcəyini yalnız yükdaşıma xətti kimi qiymətləndirmək əvəzinə, fiziki nəqliyyat infrastrukturu ilə rəqəmsal şəbəkələrin, enerji bağlantılarının, ticarət mexanizmlərinin və istehsal mərkəzlərinin bir-biri ilə əlaqələndirildiyi daha geniş iqtisadi dəhliz modeli əsasında nəzərdən keçirməyi zəruri edir”, – deyə ekspert vurğulayıb.
Mehmet Gökhan Özçubukçu vurğulayıb ki, qarşıdakı mərhələdə əsas məsələ yalnız yeni dəhlizlərin inşa edilməsi deyil, mövcud və formalaşmaqda olan dəhlizlərin istehsal mərkəzləri, limanlar, rəqəmsal şəbəkələr, enerji sistemləri və investisiya mexanizmləri ilə inteqrasiyası olacaq. Bu inteqrasiya təmin edildikcə Azərbaycanın rolu da nəqliyyat xəritəsindəki coğrafi mövqedən iqtisadi və geosiyasi əhəmiyyət daşıyan mövqeyə çevrilə bilər.