Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr edilmiş Forumda çıxışı zamanı dövlətimizin başçısı bəyan etdi ki, indiyədək görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi sistem gələcək inkişaf üçün ilkin şərtlər yaradıb. Təsadüfi deyil ki, son 20 ildə Azərbaycana 350 milyard dollardan çox investisiya cəlb edilib və bunun yarısı birbaşa xarici investisiyaların payına düşür. Burada əsas məsələ etimaddır. Çünki investisiya yalnız kapitalla məhdudlaşmır. İnvestor uzunmüddətli perspektiv, siyasi və iqtisadi sabitlik, təhlükəsizlik, infrastruktur, enerji təminatı, logistika və proqnozlaşdırıla bilən biznes mühiti axtarır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O bildirib ki, bu xüsusda forumda da 30 il əvvəl imzalanmış enerji müqavilələrinin dəyişdirilmədən qüvvədə qalmasına diqqət çəkildi. Bu fakt Azərbaycanın uzunmüddətli və proqnozlaşdırılan tərəfdaş olduğunu təsdiqləyir.
Bu gün investisiya uğrunda rəqabətdə resurs və coğrafi mövqe ilə yanaşı, tərəfdaşlıq etibarı da mühüm kapitala çevrilir. Prezidentin çıxışında da Azərbaycanın gələcək inkişafının əsas istiqamətləri təqdim edildi. Dövlətimizin başçısı bərpaolunan enerji, logistika, nəqliyyat və bağlantılar, elektrik enerjisi, rəqəmsal inkişaf, data mərkəzləri, süni intellekt, mədənçilik və ərzaq təhlükəsizliyi kimi sahələri potensial inkişaf istiqamətləri sırasında göstərdi. Eyni zamanda, neft-qaz sektorunun da yaxın perspektivdə Azərbaycan iqtisadiyyatında mühüm rolunu qoruyacağını bildirdi. Bu, Azərbaycanın iqtisadi siyasətində vacib prioritetdir. Burada söhbət enerji sektorunun yaratdığı imkanların yeni iqtisadi sahələrə transformasiyasından gedir. Bu transformasiyada bərpaolunan enerji xüsusi yer tutur. Prezident İlham Əliyev Azərbaycanın həm də elektrik enerjisinin ötürülməsi və saxlanılması imkanlarını genişləndirmək niyyətində olduğunu bildirdi. Dövlətimizin başçısı Xəzərin Azərbaycan sektorunda 157 qiqavatlıq enerji potensialının olduğunu qeyd etdi və qarşıdakı beş ildə ölkənin müxtəlif ərazilərində bərpaolunan enerji mənbələrinin daha geniş tətbiq olunacağını vurğuladı.
Deputat qeyd edib ki, Azərbaycanın hədəfi elektrik enerjisi istehsalında təbii qazdan istifadəni minimuma endirmək və qənaət olunan qazı ixraca yönəltməkdir. Bu baxımdan, elektrik enerjisinin Avropaya və daha geniş regiona çıxarılması üçün nəzərdə tutulan layihələr də xüsusi yer alır. Azərbaycan-Qazaxıstan-Özbəkistan xətti üzrə Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi, eləcə də Azərbaycandan Gürcüstan və Rumıniya istiqamətində nəzərdə tutulan Qara dəniz sualtı elektrik kabeli Azərbaycanın enerji bağlantılarında rolunun genişləndirilməsi baxımından əhəmiyyətlidir.
“Forumda diqqət çəkən digər məqam enerjinin rəqəmsal iqtisadiyyatla əlaqələndirilməsidir. Süni intellekt və data mərkəzlərinin inkişafı böyük həcmdə elektrik enerjisi və etibarlı rəqəmsal infrastruktur tələb edir. Azərbaycan isə coğrafi mövqeyini, enerji potensialını və fiber-optik bağlantılarını bir araya gətirməklə bu sahədə yeni investisiya imkanları yaradır. Bu sahədə logistika və bağlantılar da xüsusi yer tutur. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Forumdakı çıxışında Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcminin bu il 16 milyon tona çatacağını, 2030-cu ilə qədər isə həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində daşımaların həcminin 25 milyon tona və daha yüksək səviyyəyə çatdırılmasının hədəfləndiyini bildirdi. Bütövlükdə, Forum enerji və yaşıl keçid, qlobal bağlantılar və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində vacib müzakirə platforması kimi yadda qaldı. Azərbaycan isə bu forumda investisiya qəbul edən ölkə olmaqla yanaşı, regional bağlantıları, enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkan kimi təqdim olundu”, - deyə N.Məmmədova vurğulayıb.