Sahibkarlar KOBİA-nın bölgədəki xidmət şəbəkəsinə müraciət etməklə regionun investisiya imkanları, biznes layihələrinin reallaşdırılması üçün güzəştlər və təşviq mexanizmləri barədə dəstək ala bilərlər.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastrukturun qurulması, dövlət tərəfindən tətbiq olunan güzəştlər və təşviq mexanizmləri regionu investisiya qoyuluşu üçün cəlbedici məkanlardan birinə çevirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları kənd təsərrüfatı, sənaye, turizm, xidmət, logistika və s. kimi sektorlarda geniş investisiya qoyuluşu imkanlarına malikdir. Bölgəyə investisiya yatırmaq istəyən yerli və xarici iş adamları Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) regional xidmət şəbəkəsinə müraciət edə bilərlər.
KOBİA-nın xidmət şəbəkəsi aşağıdakı ünvanlarda fəaliyyət göstərir:
- Laçın şəhəri, Bərpa Tikinti və İdarəetmə Xidmətinin inzibati binası (Heydər Əliyev küçəsi, giriş 172);
- Zəngilan rayonu, Ağalı kəndi, Dövlət Xidmətləri Mərkəzi;
- Kəlbəcər şəhəri, DOST Mərkəzinin inzibati binasında xidmət mərkəzi;
- Füzuli şəhəri, Qarabağ Regional DOST Mərkəzinin Füzuli xidmət məntəqəsində xidmət pəncərəsi;
- Şuşa şəhəri, Dövlət Xidmətləri Mərkəzində “Şuşa KOB evi”.
KOBİA-nın regional nümayəndələri tərəfindən sahibkarlara bölgənin iqtisadi potensialı, investisiya imkanları və perspektivli fəaliyyət istiqamətləri barədə məlumat verilir. Agentlik biznesin qurulması və inkişafı üzrə dövlət dəstəyi (vergi, gömrük və kommunal xidmətlər üzrə güzəştlər, maliyyə dəstəyi, investisiya təşviqi və s.) tədbirləri barədə peşəkar məsləhət xidməti göstərir. Eyni zamanda KOBİA sahibkarların aidiyyəti dövlət qurumları ilə əlaqələndirilməsinə, müraciətlərinin koordinasiyasına və investisiya layihələrinin icrası zamanı yaranan məsələlərin operativ həllinə dəstək göstərir.
Qeyd edək ki, 2026-cı ilin yanvar-avqust aylarında KOBİA-ya işğaldan azad edilmiş ərazilərlə bağlı sahibkarlardan 400-dək müraciət daxil olub. Müraciətlərin 370-ə yaxını investisiya layihələri ilə bağlıdır. Müraciətlərin 77%-i ticarət və xidmət, 6%-i kənd təsərrüfatı, 8%-i sənaye və digər 9%-i tikinti, turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir.