Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

Azərbaycan hər zaman müasir dünyanın inkişaf istiqamətlərini nəzərə alaraq öz yolunu seçir. İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu onu deməyə əsas verir ki, ölkəmiz artıq Cənubi Qafqazın deyil, Avrasiya regionunun iqtisadi baxımdan güclü dövlətlərindən biri hesab edilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən “Haber 365” saytının rəhbəri, siyasi analitik Yakub Aslan deyib.

O bildirib ki, forum Türkiyəni təmsil edən çoxsaylı iş adamlarının və şirkətlərin Azərbaycana sərmayə yatırmaq istəklərini bəyan etməsinə şərait yaratdı. Azərbaycan ilə Türkiyə arasında qlobal xarakter daşıyan layihələr icra olunur. Bu layihələrin həyata keçirilməsi ilk növbədə nəqliyyat və tranzit sahəsində əməkdaşlığı şərtləndirib. Asiya ilə Avropanın ticarət əlaqələrində mühüm rol oynayan Orta Dəhlizin Azərbaycan və Türkiyədən keçməsi qarşılıqlı sərmayə yatırımları üçün geniş imkanlar açır. Forum çərçivəsində 10 milyard dollardan artıq investisiya sənədlərinin imzalanması Azərbaycanın iqtisadi potensialından xəbər verir. Bu potensial yalnız neft və qazdan ibarət deyil. Yuxarıda qeyd etdiyim kimi, nəqliyyat və tranzit sahəsində də geniş imkanlar var. Forumda bu sahələrdə fəaliyyət göstərən şirkətlərin iştirakı nəqliyyat sektoruna sərmayə yatırımlarını da artırır”.

“Bununla yanaşı, Azərbaycan alternativ və bərpaolunan enerji mənbələrinin işlənməsində və elektrik enerjisi istehsalında da fəal iş aparır. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin texniki potensialı təxminən 157 giqavat qiymətləndirilir. Bu, Azərbaycanın ixrac potensialının böyük olduğunu göstərir. Eyni zamanda, forumda Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi də gündəmdədir. Azərbaycan alternativ enerji istehsalı ilə yanaşı, onun tranziti potensialına da malikdir”, – deyə analitik bildirib.

O nəzərə çatdırıb ki, Azərbaycan bütün bunları yeni texnologiyalar əsasında həyata keçirir: “İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bu məsələlər geniş müzakirə olundu. Şirkətlər Azərbaycanın potensialı ilə tanış olaraq sərmayə yatırımlarını daha da artırmaq niyyətindədirlər. Bu davamlı xarakter daşıyacaq və hər il Azərbaycanda keçirilən investisiya forumunda daha irihəcmli sənədlər imzalanacaq. Bunu şərtləndirən isə Azərbaycanın iqtisadi inkişafıdır. Dayanıqlı inkişaf dayanıqlı sərmayə yatırımlarını da artıracaq”.