Qazaxıstanda Parlamentlərarası İttifaqın Britaniya Qrupunun parlament nümayəndə heyətinə Orta Dəhlizin hazırkı vəziyyəti və inkişaf perspektivləri təqdim olunub.
AZƏRTAC Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə istinadla xəbər verir ki, məlumatlandırıcı brifinqi “QazTrade” şirkəti təşkil edib. Nümayəndə heyətinə İcmalar Palatasının Müdafiə üzrə Xüsusi Komitəsinin sədri Tan Dhesi rəhbərlik edib.
“QazTrade” şirkətinin baş direktoru Nurlan Kulbatırov Orta Dəhlizin təkcə Qazaxıstan üçün deyil, bütövlükdə Mərkəzi Asiya üçün mühüm ticarət marşrutu kimi inkişaf perspektivlərindən danışıb.
Brifinq zamanı Xəzər dənizindəki Kurık limanında “Semurg” infrastrukturu da təqdim olunub. “Sarja” çoxfunksiyalı dəniz terminalı klasterinin inkişafı ildə 5 milyon tona qədər buraxılış gücünün, o cümlədən ildə 110 min TEU-dək konteyner gücünün yaradılmasını nəzərdə tutur.
İştirakçılara, həmçinin Avropa İttifaqının Global Gateway təşəbbüsü çərçivəsində regionda həyata keçirilən layihələr barədə məlumat verilib.