Azərbaycanın süni intellekt sənayesi oktyabrın 1-dən 3-dək Astanada keçiriləcək “AI & Digital Bridge 2026” beynəlxalq texnologiya forumunda təmsil olunacaq.
Bu barədə AZƏRTAC-a açıqlamasında “InnMedia” şirkətinin baş icraçı direktoru Teymur Kutseba bildirib.
O qeyd edib ki, forumun sərgi proqramında Azərbaycanı “InnMedia Group” təmsil edəcək. Şirkət forumun tədbirlərində iştirak edəcək.
Teymur Kutsebanın sözlərinə əsasən, “AI&Digital Bridge” Mərkəzi Avrasiyanın iri texnologiya platformalarından biridir: “Forum yeddi il ərzində dünyanın 100 ölkəsindən 127 mindən çox iştirakçını, 1,5 mindən çox spikeri və 600-dən artıq startapı bir araya gətirib. Bu il forumda əsas diqqət süni intellektə, beynəlxalq investisiyalara və yeni nəsil texnologiyalara yönəldiləcək. Proqram çərçivəsində rəqəmsal transformasiya, süni intellekt ekosisteminin inkişafı, texnoloji sahibkarlıq və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Forumun ilk günü dövlət və beynəlxalq nümayəndə heyətlərinin, eləcə də texnologiya sektorunun rəhbərlərinin iştirakı ilə qapalı formatda keçiriləcək. Proqram çərçivəsində Qazaxıstan Prezidentinin yanında Süni İntellektin İnkişafı üzrə Şuranın iclasının keçirilməsi nəzərdə tutulur. Forumda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı gözlənilir”.
“Azərbaycanın süni intellekt sənayesini forumun sərgi platformasında “InnMedia Group” öz stendi ilə təmsil edəcək. Şirkət oktyabrın 1-də keçiriləcək qapalı proqram da daxil olmaqla, tədbirin bütün üç günü ərzində öz startap stendini yerləşdirmək üçün dəvət alıb. Azərbaycanın forumda iştirakı yerli süni intellekt sahəsindəki işlənmələrin beynəlxalq texnologiya auditoriyasına təqdim edilməsinə və region ölkələrinin süni intellekt ekosistemləri arasında peşəkar əlaqələrin genişləndirilməsinə imkan verəcək”, - deyə Teymur Kutsyeba bildirib.