Özbəkistanda yeni qaz-kondensat yatağı kəşf edilib

Özbəkistanın Üstyurt regionunun mərkəzi hissəsində aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni "Karatau" qaz-kondensat yatağı kəşf olunub.

Bu barədə "Özbəkneftqaz" Səhmdar Cəmiyyəti məlumat yayıb.

"Karatau" sahəsi inzibati cəhətdən Qaraqalpaqıstan Respublikasının Muynak rayonunda yerləşir. Axtarış işləri çərçivəsində burada 4 860 metr dərinliyində quyu qazılıb.

 

"Oktaybrın 3-də quyunun sınaqdan keçirilməsi zamanı 3 273–3 213 metr dərinlikdəki aşağı Yura çöküntülərindən sənaye əhəmiyyətli təbii qaz və kondensat axını əldə olunub. Sınaqların nəticələrinə əsasən, yeni qaz-kondensat yatağının kəşf edildiyi təsdiqlənib.

"Karatau" sahəsində növbəti işlər cari ilin sonunadək davam etdiriləcək. Plana uyğun olaraq, burada 2 nömrəli axtarış quyusunun qazılması başa çatdırılmalı, həmçinin 3 və 4 nömrəli axtarış-kəşfiyyat quyularının qazılmasına başlanılmalıdır", - deyə bildirilib.

"Özbəkneftqaz"ın məlumatına görə, "Qaratağ" sahəsində əldə olunan geoloji-kəşfiyyat nəticələri Üstyurt regionunda karbohidrogenlərin dərin laylarının öyrənilməsi üçün yeni perspektivli istiqamətlərin müəyyənləşdirilməsinə imkan yaradır.