Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Hər il oktyabrın 7-si dünyada Ümumdünya Pambıq Günü kimi qeyd olunur. Bu gün sadəcə pambıq bitkisinin və pambıq məhsullarının tanıdılması üçün təsis edilmiş bir tarix deyil. Ümumdünya Pambıq Günü pambıqçılığın iqtisadi, sosial və ekoloji əhəmiyyətinə diqqət çəkmək, fermer əməyini qiymətləndirmək və sahənin inkişafını təşviq etmək məqsədi daşıyır. Pambıq dünyanın 75-dən çox ölkəsində, 5 qitədə yetişdirilən və beynəlxalq səviyyədə geniş ticarət olunan əsas kənd təsərrüfatı məhsullarından biridir.

Pambığın dünyadan Azərbaycana uzanan yolu əsrlər əvvələ gedib çıxır. Tarixi mənbələr Azərbaycanda pambıqçılığın qədim dövrlərdən mövcud olduğunu göstərir və zamanla xüsusilə Kür-Araz ovalığının əlverişli iqlim şəraiti bu sahənin geniş yayılmasına imkan verib. XIX və XX əsrlərdə pambıqçılıq ölkənin kənd təsərrüfatında mühüm yer tutaraq Aran rayonlarının iqtisadi həyatının əsas sahələrindən birinə çevrilib. Ölkənin iqlim şəraiti, xüsusilə Kür-Araz ovalığı və digər düzən ərazilər pambıqçılığın inkişafı üçün əlverişli imkanlar yaradıb. Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan və digər rayonlar pambıqçılıq ənənələri ilə seçilən ərazilər sırasındadır.

Pambığın dünya iqtisadiyyatındakı rolu

Pambıq istehsalı bir sıra ölkələrdə kənd əhalisinin əsas gəlir mənbələrindən biridir. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə pambıqçılıq həm məşğulluğun təmin edilməsində, həm də ixrac gəlirlərinin formalaşmasında mühüm rol oynayır.

Ümumdünya Ticarət Təşkilatının məlumatlarına görə, pambıq üzrə illik gəlirlər və beynəlxalq ticarət böyük iqtisadi dövriyyə yaradır. Pambıq təkcə məhsul istehsal edən fermer üçün deyil, həm də emal müəssisələri, ticarət şirkətləri, nəqliyyat və logistika sektoru, tekstil müəssisələri və digər əlaqəli bizneslər üçün gəlir mənbəyidir.

Bu baxımdan Ümumdünya Pambıq Gününün əsas mesajlarından biri də ondan ibarətdir ki, pambıq istehsal edən ölkələr xammal satışı ilə kifayətlənməməli, mümkün qədər dəyər zəncirinin sonrakı mərhələlərində də iştirak etməlidirlər.

 

“Ağ qızıl” və qeyri-neft iqtisadiyyatı

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində kənd təsərrüfatının, xüsusilə də ixrac potensialına malik sahələrin inkişafı mühüm əhəmiyyət daşıyır.

Pambıq bu baxımdan xüsusi potensiala malikdir. Çünki onun inkişafı yalnız tarlada məhsul istehsalı ilə məhdudlaşmır. Pambıqçılıq, eyni zamanda, emal sənayesinin, toxuculuğun və hazır məhsul istehsalının genişlənməsinə imkan yaradır.

Dövlət Statistika Komitəsinin məlumatlarında 2025-ci ildə toxuculuq sənayesində istehsalın artdığı göstərilir. İl ərzində ölkənin emal sənayesində toxuculuq sənayesi məhsullarının istehsalı əvvəlki illə müqayisədə 24,5 faiz artıb. Bu artım pambıqçılıqla emal sənayesi arasında əlaqələrin gücləndirilməsi və yerli xammaldan daha çox əlavə dəyər yaradılması baxımından mühüm göstəricidir. Eyni zamanda, pambığın ölkə daxilində emalının genişləndirilməsi yeni istehsal imkanlarının və məşğulluq sahələrinin yaranmasına, hazır tekstil məhsullarının ixrac potensialının artırılmasına şərait yarada bilər.

Pambıqçılığın inkişaf perspektivləri

Pambıq Azərbaycanda yalnız kənd təsərrüfatı məhsulu deyil, həm də kənd həyatının, fermer əməyinin və regionların iqtisadi fəallığının mühüm hissəsidir.

Son illərdə Azərbaycanda pambıqçılığın inkişafına xüsusi diqqət yetirilir. 2025-ci il Azərbaycan pambıqçılığı üçün uğurlu illərdən biri olub və sözügedən il 100 min hektar sahədə pambıq becərilib. Belə ki, 360 min tondan çox məhsul yığılıb ki, bu da Azərbaycan tarixində rekord göstərici sayılır. İldən-ilə məhsuldarlığı artırmağa yönəlik tədbirlər davam etdiriləcək.

Pambıqçılığın gələcək inkişafı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda da prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Dövlət Proqramında pambıqçılıqda məhsuldarlığın 2030-cu ilədək hektardan 5 tona çatdırılması hədəfi qarşıya qoyulub. Bu, hər hektardan orta hesabla 50 sentner məhsul əldə edilməsi deməkdir.

Cari ildə fermerlərin məhsuldarlığının artırılmasına yönəlmiş dəstək mexanizmləri də tətbiq edilir. Məsələn, lazer hamarlama işləri aparılan sahələr üçün 250 manat birdəfəlik subsidiya, müəyyən müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrdə isə təhvil verilən pambığın hər tonuna 300 manat subsidiya nəzərdə tutulub. Bu il qarşıya qoyulan əsas vəzifə ötən ilin əldə olunmuş nəticələrini qorumaqla yanaşı, məhsuldarlığı daha da yüksəltmək və pambıq istehsalında daha səmərəli texnologiyalara keçidi sürətləndirməkdir. Cari ildə Azərbaycanda 90 min hektara yaxın sahədə pambıq əkilib və 89 min hektardan məhsul yığımı gözlənilir.