Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Cari ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 13 milyard 630,4 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 913,4 milyon manat çoxdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 1 milyard 174,6 milyon manat və ya 9,4 faiz artıb.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10 milyard 332,6 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 292,6 milyon manat vəsait ödənilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 1 milyard 159,3 milyon manat və ya 12,6 faiz artıb.

Bu ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 59,7 milyon manat olub, proqnozdan əlavə 267,2 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 401,6 milyon manatdan çox təşkil edib.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 179,9 milyon manatdan çox olub, proqnozdan əlavə 8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 139,5 milyon manata yaxın təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 758,8 milyon manata yaxın olub, proqnozdan əlavə 18 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 507 milyon manata yaxın təşkil edib.