Azərbaycanın iqtisadi müstəqilliyi illər ərzində həyata keçirilən strateji addımların, zamanında verilmiş qərarların və ölkənin malik olduğu resursların milli inkişaf naminə ardıcıl şəkildə səfərbər edilməsinin nəticəsidir. Bir vaxtlar Xəzərin neftindən başlayan yol bu gün enerji, nəqliyyat, investisiya və texnologiyanı əhatə edən daha geniş iqtisadi xəritəyə çevrilir.
1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə Azərbaycanın dünya enerji bazarına açılan qapısı sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan (BTC), Cənub Qaz Dəhlizi və digər strateji layihələrlə daha da genişləndi. Neft və qaz gəlirləri yalnız ixrac statistikasının rəqəmləri kimi qalmadı, ölkənin maliyyə dayanıqlığının, infrastrukturunun və yeni iqtisadi imkanlarının formalaşmasına yönəldi. Bu gün həmin strategiya yeni mərhələyə qədəm qoyaraq Azərbaycanın enerji ixracatçısından enerji və logistika imkanlarını birləşdirən regional iqtisadi mərkəzə çevrilməsi istiqamətində inkişaf edir.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər də bu yolun mahiyyətini ifadə edir: "Biz iqtisadi müstəqilliyi tam təmin etmişik. Bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir".
Əslində, bu sözlərin arxasında təkcə makroiqtisadi göstəricilər dayanmır. Burada Xəzərdən Avropaya uzanan enerji marşrutları, Qarabağda yenidən qurulan şəhərlər, genişlənən nəqliyyat dəhlizləri, artan valyuta ehtiyatları və qlobal kapital üçün açılan yeni imkanlar var. Azərbaycanın iqtisadi inkişaf xəritəsi dəyişir: ənənəvi neft-qaz gəlirlərinə söykənən model tədricən daha çoxşaxəli, enerji və logistika imkanlarını, investisiyanı və yaşıl keçidi özündə birləşdirən yeni iqtisadi modelə çevrilir.
Neft strategiyası iqtisadi müstəqilliyin təməlidir
Azərbaycanın neft strategiyasının nəticələri yalnız hasilat və ixrac göstəricilərində deyil, ölkənin dünya enerji xəritəsində qazandığı mövqedə də özünü göstərir. 1997-ci ilin sonlarından Azərbaycan nefti Bakı-Novorossiysk boru kəməri ilə şimal istiqamətində, 1999-cu ilin aprelindən isə Bakı-Supsa boru kəməri ilə qərbə – Qara dənizin sahilində yerləşən Supsa limanına çıxmağa başladı. 2006-cı ildə BTC boru kəmərinin istifadəyə verilməsi isə Azərbaycanın enerji ixracında yeni mərhələ açdı. Xəzərin sahillərindən başlayan neft yolu Aralıq dənizinə, oradan isə Avropa bazarlarına uzandı.
Bu gün Azərbaycanın ən böyük yatağı olan "Azəri-Çıraq-Günəşli" (AÇG) blokundan hasil edilən neftin böyük hissəsi məhz BTC vasitəsilə dünya bazarlarına çatdırılır. Beləliklə, vaxtilə strateji seçim kimi ortaya qoyulan enerji marşrutları illər keçdikcə Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirən real infrastruktura çevrilib.
Hazırda Azərbaycan neftinin Avropadakı əsas alıcıları sırasında İtaliya, Çexiya, Rumıniya, Almaniya, Bolqarıstan, Portuqaliya, İsveçrə və Yunanıstan yer alır. 2026-cı ilin ilk 8 ayında ölkə xam neft ixracından 9,28 milyard manat gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.
Lakin Azərbaycanın enerji ixracı artıq yalnız xam neftlə ölçülmür. Ölkənin neft emalı və neft məhsullarının istehsalı sahəsində formalaşdırdığı imkanlar da beynəlxalq bazarlarda diqqət çəkir. Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında çıxışı zamanı qeyd edib ki, bir çox ölkələrdən Azərbaycana neft məhsullarının tədarükü ilə bağlı müraciətlər daxil olur.
"Biz isə bütün işləri vaxtında görmüşük. Bizim bu gün potensialımız, – mən təkcə neft məhsullarını nəzərdə tuturam, – 30 milyon tondur. Bunun 7 milyon tonu Azərbaycanda neftayırma zavodunda emal olunur, 23 milyon tonu isə xaricdə. Bax, bunu biz vaxtında etdik. Bir zavodu sıfırdan qurduq, iki zavod aldıq. Bu gün 30 milyon ton neft məhsullarına sahib olan, – özü də tək yerdə yox, üç yerdə, – ölkələr də çox deyil", – deyə dövlət başçısı bildirib.
Beləliklə, neft strategiyasının coğrafiyası zaman keçdikcə genişlənib: Xəzərdə hasil olunan resurs əvvəlcə ölkə sərhədlərini aşan boru kəmərləri ilə dünya bazarlarına çıxarılıb, daha sonra isə emal və neft məhsulları seqmentində yeni imkanlar formalaşdırılıb.
Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyində
Neftdən sonra Azərbaycanın enerji strategiyasının növbəti mühüm səhifəsi təbii qaz oldu. Xəzərin dərinliklərindən hasil edilən qazın Avropa istehlakçılarına çatdırılması təkcə yeni ixrac istiqamətinin yaradılması deyil, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun möhkəmləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyırdı.
Bu istiqamətdə atılan addımlar nəticə etibarilə Cənub Qaz Dəhlizinin formalaşmasına gətirib çıxardı. 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycan qazının Türkiyə ərazisi ilə tranziti, eləcə də qazın nəqli üçün müstəqil boru kəmərinin inşası ilə bağlı saziş imzalandı. Həmin ilin noyabrında isə Cənub Qaz Dəhlizinin əsas komponentlərindən biri olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin həyata keçirilməsi elan edildi.
2012-ci ilin iyununda TANAP üzrə Azərbaycan və Türkiyə arasında Hökumətlərarası müqavilənin imzalanması layihənin hüquqi əsaslarını möhkəmləndirdi. 2019-cu ilin noyabrında TANAP-ın Avropa bağlantısının birinci mərhələsinin açılışı ilə Azərbaycan qazının Avropa bazarlarına doğru yolu daha da yaxınlaşdı. 2020-ci ilin dekabrında isə Trans-Adriatik Boru Kəmərinin (TAP) istifadəyə verilməsi ilə Xəzərin Azərbaycan sektorunda hasil olunan təbii qaz birbaşa Avropa istehlakçılarına çatdırılmağa başladı.
Bu gün artıq həmin xətt yalnız xəritədə uzanan boru kəmərləri silsiləsi deyil. O, Azərbaycanın enerji siyasətinin konkret nəticəsini – Xəzər qazının Avropa enerji sisteminin bir hissəsinə çevrilməsini ifadə edir. TAP vasitəsilə indiyədək Avropa ölkələrinə 61,4 milyard kubmetr Azərbaycan qazı çatdırılıb.
Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının nəqlinin genişlənməsi nəticəsində ölkə faktiki olaraq 16 ölkəni enerji resursları ilə təmin edən mühüm təchizatçıya çevrilib. Bununla da Azərbaycan üçün enerji ixracının coğrafiyası genişlənməklə yanaşı, ölkənin Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş kimi mövqeyi də möhkəmlənib.
Azərbaycanın enerji strategiyasında yaşıl dönüş
Azərbaycanın enerji strategiyası yeni mərhələyə qədəm qoyur. Neft və qazla başlayan, illər ərzində boru kəmərləri və enerji dəhlizləri ilə Avropa bazarlarına qədər uzanan bu yol indi yeni istiqamət alır - Xəzərin küləyindən, Azərbaycanın günəşindən və su ehtiyatlarından istifadə etməklə aşağı karbonlu enerji sisteminin qurulması.
Azərbaycan neft və təbii qaz ixracı ilə yanaşı, perspektivdə ölkədə istehsal olunan "yaşıl enerji"ni də Avropaya çatdırmağı hədəfləyir. Bunun üçün ölkənin təbii imkanları kifayət qədər genişdir. Azərbaycanın quruda bərpa olunan enerji üzrə texniki potensialı 135 QVt, dəniz ərazilərində isə 157 QVt səviyyəsində qiymətləndirilir. İqtisadi potensial 27 QVt təşkil edir. Bunun 23 QVt-ı günəş, 3 QVt-ı külək enerjisinin, qalan hissəsi isə bioenerji və dağ çaylarının potensialının payına düşür.
Bu resursların iqtisadi dəyərə çevrilməsi artıq uzunmüddətli hədəf olmaqdan çıxaraq dövlət siyasətinin konkret istiqamətlərindən birinə çevrilib. "Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində "yaşıl enerji"yə keçid, enerji səmərəliliyinin artırılması və aşağı karbonlu iqtisadiyyatın formalaşdırılması milli inkişafın əsas prioritetləri sırasında müəyyənləşdirilib. Hazırda bərpa olunan enerji mənbələri ölkənin ümumi enerji gücünün təxminən 21,5 %-ni təşkil edir. 2027-ci ilin sonunadək bu göstəricinin 34 %-ə çatdırılması hədəflənir.
Bu dəyişiklik yalnız enerji balansının yenilənməsi anlamına gəlmir. Azərbaycanın enerji xəritəsində yeni bir ixrac istiqaməti də formalaşır. İstehsal edilən "yaşıl enerji"nin xarici bazarlara çıxarılması baxımından prioritet layihələrdən biri "Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"dir. Ümumi gücü 3,9 min MVt müəyyənləşdirilən dəhlizin texniki-iqtisadi əsaslandırma sənədi layihənin reallaşdırılması üçün imkanların mövcudluğunu təsdiqləyib.
2032-ci ildən etibarən dəhlizin birinci mərhələsinin, eləcə də "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Əlaqəsi"nin işə salınması planlaşdırılır. Beləliklə, Azərbaycanın enerji ixrac xəritəsində yeni xətt - qaz və neft kəmərləri ilə yanaşı elektrik enerjisinin də Avropaya daşınması istiqaməti yaranır. Bu, ölkənin enerji əlaqələrini şaxələndirməklə yanaşı, onu gələcəyin enerji bazarlarında daha fəal oyunçuya çevirə bilər.
Enerji gəlirləri milli inkişafın əsasına çevrilir
Enerji strategiyasının əhəmiyyəti yalnız hasil edilən və ixrac olunan resursların həcmi ilə ölçülmür. Əsas məsələ enerji sərvətlərindən əldə olunan gəlirlərin ölkənin uzunmüddətli inkişafına, iqtisadi və sosial dayanıqlığına çevrilməsidir. Azərbaycanın son illərdə keçdiyi yol bunun konkret nümunələrini ortaya qoyur.
COVID-19 pandemiyası, 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə ölkə iqtisadiyyatının qarşısında ciddi sınaqlar dayandı. Xüsusilə uzun illər işğal altında qalmış ərazilərin azad edilməsindən sonra qarşıda miqyasına görə misilsiz bir vəzifə – Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və insanların öz doğma torpaqlarına qayıdışının təmin edilməsi dayanırdı.
Bu proses yalnız dağılmış binaların və yolların bərpası ilə məhdudlaşmır. Qarabağda faktiki olaraq yeni iqtisadi və sosial məkan formalaşdırılır. Yeni yollar və dəmir yolu xətləri çəkilir, tunellər və hava limanları inşa edilir, elektrik stansiyaları və su anbarları istifadəyə verilir, yaşayış məntəqələri yenidən qurulur. Bir sözlə, keçmişin izləri üzərində gələcəyin şəhərləri və iqtisadi mərkəzləri yaradılır.
Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması Azərbaycanın ərazi-məkan inkişafında yeni mərhələ kimi qiymətləndirilə bilər. Burada məqsəd yalnız mövcud infrastrukturu bərpa etmək deyil, müasir nəqliyyat bağlantıları, sosial infrastruktur, rəqəmsal imkanlar və bərpa olunan enerji mənbələri üzərində qurulan yeni iqtisadi ekosistem yaratmaqdır.
Azad edilmiş ərazilər üçün inteqrasiya olunmuş planlaşdırma çərçivəsi təxminən 13,6 min kvadratkilometr ərazini, o cümlədən 12 şəhər, 11 qəsəbə və 900-ə yaxın kəndi əhatə edir. Burada uzunmüddətli perspektivdə təxminən 1,1 milyon nəfərin yaşaması proqnozlaşdırılır. Şəhərsalma prosesi nəqliyyat əlaqələrindən iqtisadi fəaliyyətə, ətraf mühitin idarə olunmasından enerji sistemlərinə, sosial infrastrukturdan demoqrafik inkişafa qədər bir-biri ilə bağlı istiqamətlərin vahid çərçivədə planlaşdırılması əsasında həyata keçirilir.
Beləliklə, enerji gəlirlərinin yaratdığı maliyyə imkanları tədricən yeni iqtisadi və sosial dəyərə çevrilir. Bir tərəfdə ölkənin enerji xəritəsi yaşıl istiqamətdə yenilənir, digər tərəfdə isə enerji siyasətinin yaratdığı maliyyə imkanları yeni yolların, şəhərlərin, istehsal və logistika mərkəzlərinin qurulmasına yönəldilir. Bu mənada Azərbaycanın enerji strategiyası yalnız bu günün iqtisadi tələbatını deyil, gələcəyin iqtisadi modelini də formalaşdırır.
Böyük Qayıdış genişmiqyaslı investisiyalarla sürətlənir
Qarabağa aparan yollar bu gün yalnız nəqliyyat bağlantısı yaratmır, həm də Böyük Qayıdışın coğrafiyasını genişləndirir. Azad edilmiş ərazilər yeni avtomobil yolları, dəmir yolu xətləri və hava limanları vasitəsilə bir-birinə və ölkənin digər bölgələrinə bağlanır. Bu prosesin əsas məqsədi təkcə məsafələri qısaltmaq deyil, yaşayış məntəqələri arasında iqtisadi və sosial əlaqələri yenidən qurmaq, regionun gələcək inkişafı üçün möhkəm infrastruktur bazası yaratmaqdır.
Suqovuşan–Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən başlayaraq Ağdərə və Ağdam istiqamətində uzanan 33,8 kilometrlik avtomobil yolunun tikintisi də bu yanaşmanın nümunələrindəndir. Layihənin başa çatdırılması ilə Ağdamdan Ağdərəyə, oradan isə Suqovuşan və Kəlbəcərə uzanan vahid yol bağlantısı formalaşacaq. Bu yol Qarabağın yaşayış məntəqələrini, iqtisadi potensialını və Böyük Qayıdışın müxtəlif istiqamətlərini birləşdirən mühüm halqaya çevriləcək.
Artıq bu prosesin nəticələri əhali qayıdışında da özünü göstərir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 48 yaşayış məntəqəsində 96 min keçmiş məcburi köçkün yaşayır, çalışır və təhsil alır. 2020-ci ildən 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən ümumilikdə 25 milyard manatdan çox vəsait ayrılıb. 2027-ci ildə isə dövlət büdcəsi xərclərinin 3,4 milyard manatının, yaxud 8,25 %-nin bu məqsədlərə yönəldilməsi nəzərdə tutulur.
Bu miqyasda investisiya yükü dövlət maliyyəsinin dayanıqlılığı üçün ciddi sınaqdır. Lakin Azərbaycanın maliyyə göstəriciləri ölkənin bu yükü daşımaq imkanlarının kifayət qədər geniş olduğunu göstərir. Strateji valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 % artaraq 2026-cı il sentyabrın 1-nə 90,77 milyard ABŞ dollarına çatıb. Bu göstərici illik ÜDM-in həcmindən çoxdur və manatla geniş pul təklifini 3,5 dəfə üstələyir.
Azərbaycanın xarici borcunun ÜDM-ə nisbətinin 6 % səviyyəsində olması da ölkənin maliyyə dayanıqlığını göstərən əsas göstəricilərdən biridir. Strateji valyuta ehtiyatları xarici borcu təxminən 20 dəfə üstələyir. Mərkəzi Bankın valyuta ehtiyatlarının isə tarixdə ilk dəfə 15 milyard ABŞ dollarını keçməsi ölkənin maliyyə buferlərinin genişliyini bir daha nümayiş etdirir.
Bu rəqəmlər bir tərəfdən Azərbaycanın həyata keçirdiyi böyükmiqyaslı bərpa proqramının maliyyələşdirilməsi imkanlarını göstərirsə, digər tərəfdən qarşıdakı mərhələnin əsas sualını ortaya qoyur: formalaşmış maliyyə imkanlarını necə daha böyük və davamlı iqtisadi dəyərə çevirmək olar?
Azərbaycan uzunmüddətli kapital üçün mövqeyini gücləndirir
Məhz bu mərhələdə investisiya siyasəti xüsusi əhəmiyyət qazanır. Strateji valyuta ehtiyatlarının qorunması ilə yanaşı, onların ölkənin iqtisadi potensialını artıran layihələrə yönəldilməsi, xarici kapitalın cəlb edilməsi və Azərbaycanın uzunmüddətli investisiya xəritəsində mövqeyinin möhkəmləndirilməsi getdikcə daha aktual məsələyə çevrilir.
Qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin artdığı, ticarət və investisiya axınlarının yeni istiqamətlər axtardığı bir vaxtda kapital üçün yalnız yüksək gəlirlilik deyil, həm də sabitlik, etibarlılıq və uzunmüddətli perspektiv ön plana çıxır. Azərbaycanın maliyyə dayanıqlığı, enerji və nəqliyyat imkanları, regional mövqeyi və yeni iqtisadi layihələri bu baxımdan ölkəyə əlavə üstünlüklər qazandırır.
Bunun bariz nümunələrindən biri ötən ay Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumudur. Artıq ikinci dəfə təşkil olunan Forum həm Azərbaycanın investisiya imkanlarının təqdim edildiyi platformadır, həm də qlobal kapitalın konkret layihələr və uzunmüddətli tərəfdaşlıqlar ətrafında bir araya gəldiyi məkana çevrilir.
Forumda təmsil olunan investisiya qurumlarının idarə etdiyi aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarını ötüb. Bundan əlavə, tədbirdə ümumilikdə təxminən 2,8 trilyon ABŞ dolları həcmində suveren fondların, dövlət qurumlarının və pensiya fondlarının kapitalını təmsil edən institutlar iştirak edib.
Bu mənzərədə dünyanın ən böyük aktiv idarəetmə şirkətlərindən biri olan "BlackRock"un iştirakı xüsusi diqqət çəkir. Şirkətin 2026-cı il iyunun 30-na idarə etdiyi aktivlərin həcmi 15,3 trilyon ABŞ dollarına çatıb. Bu rəqəm forumun miqyasını və Azərbaycanın qlobal kapital bazarındakı investorlarla qurduğu əlaqələrin səviyyəsini göstərən mühüm göstəricilərdən biridir.
Forum çərçivəsində Azərbaycan Dövlət Neft Fondu (ARDNF), "BlackRock" və onun tərkibinə daxil olan "Global Infrastructure Partners" (GIP) arasında imzalanan niyyət protokolu isə bu əlaqələrin artıq konkret investisiya imkanları müstəvisinə keçdiyini göstərir. Sənədə əsasən, üç-dörd il ərzində GIP-in idarə etdiyi infrastruktur fondlarına və birgə investisiya imkanlarına 1,5 milyard ABŞ dollarınadək vəsait yatırılması imkanının nəzərdən keçirilməsi planlaşdırılır.
Beləliklə, Azərbaycanın investisiya gündəliyində yeni mərhələ formalaşır. Ölkə artıq yalnız enerji gəlirlərini toplamaq və ehtiyatlar yaratmaqla kifayətlənmir; həmin maliyyə imkanlarını qlobal kapital və beynəlxalq tərəfdaşlıqlarla birləşdirərək daha geniş iqtisadi dəyərə çevirməyə çalışır. Qarabağın yenidən qurulması, "yaşıl enerji", nəqliyyat infrastrukturu və digər sahələrdə həyata keçirilən layihələr isə bu prosesin həm daxili, həm də xarici investisiyalar üçün yeni imkanlar yaradan əsas istiqamətlərinə çevrilir.
Orta Dəhliz ölkənin strateji rolunu gücləndirir
Azərbaycanın beynəlxalq investorlar üçün əhəmiyyətini artıran amillərdən biri də ölkənin regional iqtisadi əlaqələr sistemində dəyişən roludur. Xəzərin sahilində yerləşən Azərbaycan coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirərək Şimaldan Cənuba, Şərqdən Qərbə uzanan əsas nəqliyyat marşrutlarının kəsişdiyi məkana çevrilir. Bu gün ölkənin nəqliyyat infrastrukturu yalnız yüklərin bir məntəqədən digərinə çatdırılmasına xidmət etmir, həm də Azərbaycanın regional iqtisadi xəritədəki çəkisini artıran strateji kapitala çevrilir.
Bu baxımdan Ələt limanının imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Hazırda Bakı Beynəlxalq Dəniz Limanının illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması da eyni strategiyanın mühüm elementidir.
Regionda geosiyasi gərginliklərin və qlobal ticarət marşrutlarında dəyişikliklərin müşahidə olunduğu bir vaxtda etibarlı və alternativ logistika xətlərinə tələbat artır. Bu proses Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizindəki rolunu daha da önə çıxarır. Asiya ilə Avropanı birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz də məhz bu yeni reallıqlar fonunda inkişafının yeni mərhələsinə qədəm qoyur.
Bu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcminin 16 milyon tona çatacağı gözlənilir. Uzunmüddətli perspektivdə isə bu göstəricinin 30 milyon tona çatdırılması hədəflənir. İlin sonuna kimi Çindən qəbul edilən blok qatarlarının sayının 600-ə çatacağı, ortamüddətli perspektivdə isə onların sayının ildə 1 000-ə yüksəldiləcəyi gözlənilir. 2030-cu ilədək Orta Dəhlizin daşınma qabiliyyətinin üç dəfə artırılması, tranzit müddətinin isə iki dəfə azaldılması proqnozlaşdırılır.
Bu rəqəmlər Azərbaycanın tranzit potensialının sadəcə coğrafi üstünlükdən ibarət olmadığını göstərir. Ölkə tədricən Şərqlə Qərb arasında yük axınlarının keçdiyi ərazidən həmin axınların idarə olunduğu, müxtəlif nəqliyyat sistemlərinin birləşdirildiyi və yeni iqtisadi dəyərin formalaşdığı regional mərkəzə çevrilir.
Zəngəzur dəhlizi Avrasiya ticarətini yaxınlaşdırır
Formalaşmaqda olan Zəngəzur dəhlizi – TRIPP bağlantısı bu mənzərəyə yeni xətt əlavə edir. Layihənin reallaşması Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirməklə yanaşı, Avrasiya məkanında ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yarada bilər.
Hazırda marşrutun əsas hissələrindən biri olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi yüksək templə davam edir. Zəngəzur dəhlizinin Azərbaycanın ərazisindən keçən hissəsində avtomobil yolunun 95 %-i, dəmir yolunun isə 75 %-i artıq tikilib. İşlərin 2027-ci ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur.
Ermənistanda da mühəndislik işləri aparılır və ölkə ərazisində dəhlizin təxminən 42 kilometrlik hissəsinin tikintisinə 2027-ci ilin əvvəlində başlanması planlaşdırılır. Bu marşrutun formalaşması Cənubi Qafqazın Trans-Xəzər nəqliyyat şəbəkəsi ilə əlaqəsini daha da sıxlaşdıra və regionda yeni iqtisadi inteqrasiya imkanları yarada bilər.
Zəngəzur dəhlizinin əhəmiyyəti onun yalnız yeni yol xətti olmasında deyil. Bu bağlantı Orta Dəhlizin mühüm halqasına çevrilərək Asiya ilə Avropa arasındakı məsafəni zaman baxımından qısalda bilər. Proqnozlara görə, yüklərin çatdırılma müddətinin 3 həftədən 12–15 günə qədər azalması mümkündür.
Dəhlizin istifadəyə verilməsi Azərbaycan–Türkiyə arasında yükdaşımaları asanlaşdırmaqla yanaşı, Orta Dəhliz üzrə yük axınlarının fasiləsizliyini təmin edə və Bakı–Tbilisi–Qars dəmir yolu ilə birlikdə vahid regional tranzit şəbəkəsinin formalaşmasına imkan yarada bilər.
Bu bağlantıların bir-birini tamamlaması regionun ticarət, logistika və enerji inteqrasiyasına yeni dinamika verə bilər. Eyni zamanda, Azərbaycanın Şimal–Cənub və Şərq–Qərb marşrutlarının kəsişməsində yerləşməsi ölkənin Avrasiyada iqtisadi əlaqələrin əsas qovşaqlarından birinə çevrilməsi üçün əlavə imkanlar yaradır. Proqnozlara görə, Zəngəzur dəhlizinin tam işə düşməsi ilə Orta Dəhliz üzrə əlavə 15 milyon ton yük daşına bilər.
Beləliklə, Azərbaycanın iqtisadi coğrafiyasında yeni mənzərə yaranır. Bir tərəfdən Xəzərin enerji resursları Avropa bazarlarına çıxarılır, digər tərəfdən Şərqdən gələn yüklər Azərbaycan üzərindən Qərbə daşınır, paralel olaraq isə ölkənin bərpa olunan enerji potensialı yeni ixrac imkanları formalaşdırır. Enerji və logistikanın bu kəsişməsi Azərbaycanın regional iqtisadi rolunu əvvəlkindən daha da genişləndirir.
Azərbaycan artıq yalnız etibarlı karbohidrogen tədarükçüsü kimi deyil, bərpa olunan enerji sahəsində perspektivli tərəfdaş və qlobal kapital üçün cəlbedici regional investisiya məkanı kimi də mövqeyini gücləndirir. Qarşıdakı mərhələdə əsas vəzifə bu üstünlükləri davamlı iqtisadi üstünlüyə çevirməkdir.
Bunun üçün, bir tərəfdən, investisiyaların təşviqi mexanizmlərinin, o cümlədən qanunvericilik bazasının daha da təkmilləşdirilməsi, digər tərəfdən isə ənənəvi enerji resurslarından daha səmərəli istifadə etməklə "yaşıl enerji"yə keçidin sürətləndirilməsi vacibdir. Eyni zamanda, nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi, rəqəmsal və logistika infrastrukturunun inkişafı Azərbaycanın tranzit üstünlüyünü daha yüksək əlavə dəyər yaradan iqtisadi fəaliyyətə çevirməsinə şərait yarada bilər.
Nəticədə, illər əvvəl Xəzərin neftindən başlayan iqtisadi yol bu gün daha geniş üfüqlərə açılır. Azərbaycanın enerji resursları maliyyə imkanlarına, həmin imkanlar infrastruktura və investisiyalara, infrastruktur isə ölkənin regional iqtisadi rolunun möhkəmlənməsinə çevrilir. Bu zəncirin növbəti həlqəsi isə daha şaxələndirilmiş, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasıdır.