Artezian quyularında günəş panellərinin quraşdırılmasına 50 faiz güzəşt tətbiq ediləcək

Kənd təsərrüfatı təyinatlı obyektlərdə, xüsusilə su təyinatlı artezian quyularında günəş panellərinin quraşdırılmasına 1 yanvar 2027-ci ildən dövlət tərəfindən 50 faiz güzəşt veriləcək.

Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə günü kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, artezian quyuları ilə bağlı məsələ ciddi problemlərdən biridir və bu məsələ vətəndaş qəbullarında da mütəmadi olaraq qaldırılır.

Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri artezian quyularının istismarı zamanı elektrik enerjisi xərclərinin yüksək olmasıdır. Bu səbəbdən vətəndaşlar həmin quyulara sahib çıxmaqda maraqlı deyillər.

Məcnun Məmmədov qeyd edib ki, problemin həlli üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən günəş enerjisindən istifadə ilə bağlı təklif irəli sürülüb və bu istiqamətdə artıq müvafiq qərar qəbul edilib.

“1 yanvar 2027-ci il tarixdən günəş panellərinin qurulmasına 50 faiz dövlət güzəşti veriləcək. Bu, kənd təsərrüfatı təyinatlı obyektlərdə, əsasən də su təyinatlı artezian quyularına aiddir”, – deyə nazir bildirib.

 

O qeyd edib ki, günəş panellərinin artezian quyularında quraşdırılması nəticəsində elektrik enerjisi xərcləri əhəmiyyətli dərəcədə aşağı düşəcək.

Nazirin sözlərinə görə, bu mexanizmin tətbiqi artezian quyularından istifadəyə münasibəti də dəyişə bilər. Belə ki, elektrik enerjisi xərclərinin azalması nəticəsində həmin quyular fermerlər və digər istifadəçilər üçün yenidən iqtisadi baxımdan cəlbedici olacaq.

“Elektrik enerjisi xərcləri olduqca aşağı düşəcək və vəziyyət əksinə dönəcək. İnsanlar deyəcəklər ki, artezian quyusu mənimdir və yəqin ki, ona sahib çıxmağa çalışacaqlar”, – deyə Məcnun Məmmədov vurğulayıb.

Nazir 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək bu imkandan istifadə etməyə kənd təsərrüfatı subyektlərini çağırıb.

Məcnun Məmmədov həmçinin millət vəkillərinin də müvafiq bölgələrdə bu barədə məlumatlandırma işlərinin aparılmasına dəstək verməsinin vacib olduğunu bildirib.

“Bu imkandan istifadə etməyə 1 yanvar 2027-ci ildən hər kəsi çağırıram. Millət vəkilləri də müvafiq bölgələrdə məlumatlandırmanı həyata keçirsələr, bizə bu şəkildə töhfə vermiş olacaqlar”, – deyə nazir əlavə edib.