Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb. Əslində, biz bu layihə üzərində uzun müddətdir çalışırıq və böyük əhəmiyyət veririk. Çünki son dövrlərdə türk dövlətləri arasında əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib. Bu münasibətlərin texnoloji inkişaflarda da əks olunması vacibdir. Gənclərimiz və sahibkarlarımız inkişaf edən bu əlaqələri daha da irəli aparacaq layihələrdə iştirak etməlidirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kosmik Agentliyinin rəhbəri Yusuf Kıraç səsləndirib.
Bu istiqamətdə başqa layihələrin də həyata keçirildiyini qeyd edən Yusuf Kıraç deyib: “Türkiyə son üç ildir, demək olar ki, hər avqust ayında “Space Camp”–Kosmos Düşərgəsi təşkil edir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən müəllim və şagirdlər bu düşərgəyə gəlirlər. Gənclərimiz burada bir-biri ilə tanış olur, birlikdə layihələr hazırlayırlar. Ümid edirəm ki, onlar gələcəkdə də birlikdə çalışaraq daha böyük layihələr həyata keçirəcəklər”.
O, TDT ölkələri arasında imzalanan sazişin dəyərli əməkdaşlıq nümunəsi olduğunu vurğulayıb: “Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin demək olar ki, hamısı bu layihəyə öz töhfəsini verib. Bu əməkdaşlıq gələcəkdə daha böyük hədəflərin həyata keçirilməsinə yol açacaq. Biz daha böyük xəyallar qurmalıyıq. Bildiyiniz kimi, hazırda müxtəlif dövlətlərin modullarının yerləşdiyi Beynəlxalq Kosmik Stansiya var. Niyə türk dövlətləri olaraq bizim də orada elmi modulumuz olmasın? Niyə alimlərimiz, professorlarımız orada elmi təcrübələr aparmasın? Ümid edirəm ki, imzalanan sənəd həmin böyük hədəflərə aparan yolda mühüm başlanğıc olacaq və gələcəkdə daha böyük layihələrdə də birgə iştirak edəcəyik”.