Azərbaycanda rəqəmsal texnologiyalar, startaplar və Texnopark rezidentləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni dəyişikliklər nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü, informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov deyib.
O bildirib ki, bununla bağlı artıq müzakirələr və ictimai dinləmələr keçirilib, 36 qanuna dəyişikliklərlə bağlı təkliflər təqdim olunub.
“Artıq Azərbaycanda qanunvericiliyin daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Yaxın günlərdə təsdiqlər gözlənilir. Artıq bununla bağlı müzakirələr və ictimai dinləmələr olub, mən də bu işlə bağlı proseslərdə iştirak etmişəm. Mənim 36 qanuna dəyişikliklərlə bağlı təkliflərim göndərilib. Bütün proseslər nəzərdən keçirilib”, - deyə F.Kazımov qeyd edib.
F.Kazımovun sözlərinə görə, yeni qanunvericilik Texnopark rezidentlərinin sayının artırılmasına imkan verəcək: “Hazırda Texnoparkda 190-dək rezidentimiz vardır ki, onların 10-12-si vergi güzəştləri alıb. Amma yenilənmiş, təkmilləşdirilmiş mühit imkan verəcək ki, yaxın bir-iki il ərzində bu rezidentlərin sayını minimum iki dəfə artırmaq imkanı olsun. Belə proqnozlar var ki, onların sayı 300-400-ə çatacaq”.
Mütəxəssis qeyd edib ki, dəyişikliklər ölkə daxilində fəaliyyət göstərən startaplar üçün yeni imkanlar yaradacaq: “Bu, təkcə xarici şirkətlərin Azərbaycana gəlişi məsələsi deyil. Bu, həm də ölkə daxilində fəaliyyət göstərən startaplara əlavə imkan yaradacaq. Hazırkı qanunda startaplar üçün nəzərdə tutulan imkanlar məhduddur. Belə ki, hazırda yalnız proqram təminatı və sistem proqramı yaradanlara imkanlar təqdim olunur. Lakin yenilik daha geniş imkanlar yaradacaq”.
F.Kazımov qeyd edib ki, yeni mexanizmlər və vergi güzəştlərinin genişləndirilməsi xarici şirkətlərin Azərbaycana marağını da artıramağa imkan verəcək: “Xarici şirkətlər çox maraqlı bir formatda fəaliyyət göstərir. Onlar baxırlar ki, milyonlarla maliyyəsi generasiya olunur, illər üzrə dövriyyəsi var və düşünürlər ki, biz hansı ölkədə yerləşək ki, vergi nöqteyi-nəzərindən orada vergimiz daha az olsun. Buna görə də Azərbaycan da onlara əlbəttə ki, çox yaxşı imkanlar yaradacaq”.
Qeyd edək ki, müvafiq qanun layihəsi sentyabrın 30-da Milli Məclisdə birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihədə texnologiyalar parklarının rezidentləri üçün bir sıra vergi güzəştlərinin genişləndirilməsi nəzərdə tutulur.