Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan 2026-2028-ci illər üçün Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının (ITSO) Məşvərət Komitəsinə yenidən üzv seçilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərkosmos”un Spektrin İdarə Edilməsi bölməsinin rəhbəri, Qlobal Peyk Operatorları Assosiasiyasının (GSOA) MDB üzrə regional həmsədri və Azərbaycan Respublikasının Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) BTİ-nin Radio Qaydalar Şurasının (RRB) Region C üzrə namizədi Sitarə Mehdiyeva Vaşinqtonda keçirilən ITSO Simpoziumu və Tərəflər Assambleyasının (AP-42) iclasında iştirakla bağlı açıqlamasında bildirib.

ITSO Simpoziumunda “Regionların səsləri: milli perspektivlər” panelində Region C-ni təmsil edən Azərbaycan nümayəndəsi peyk rabitəsinin inkişafı ilə bağlı milli prioritetlər, xidmətlərə çıxış və əlçatanlıq, dayanıqlılıq, radiotezlik spektrinin idarə olunması, tənzimləyici çağırışlar və beynəlxalq əməkdaşlıq məsələlərinə toxunub.

Bildirilib ki, bəzi ölkələrdə peyk xidmətləri üçün “landing rights” (bəzi ölkələrdə peyk rabitəsi xidmətlərinin göstərilməsi üçün tələb olunan icazələrin mürəkkəbliyi - red.) tələblərinin mürəkkəbliyi praktiki tənzimləyici problemlər yaradır. Həmçinin inkişaf etməkdə olan ölkələr üçün daha güclü dəstəyin və potensialın artırılması tədbirlərinin vacibliyi vurğulanıb.

Azərbaycan nümayəndəsi ITSO Tərəflər Assambleyasının 42-ci iclasında ilk dəfə iştirak etdiyini, bunun təşkilatın fəaliyyəti barədə daha geniş təsəvvür əldə etmək və müxtəlif regionlardan olan həmkarlarla fikir mübadiləsi aparmaq baxımından əhəmiyyətli olduğunu bildirib.

Sitarə Mehdiyeva deyib ki, Azərbaycanın ITSO Məşvərət Komitəsinə 2026–2028-ci illər üçün yenidən seçilməsi ölkənin təşkilatın fəaliyyətində iştirakını davam etdirməsinə imkan verəcək.