Cəbrayılda tingçilik mərkəzi açılacaq

Cəbrayılda inşa edilən böyük tingçilik mərkəzinin yaxın vaxtlarda açılması planlaşdırılır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün cümə günü Bakıda keçirilən III Beynəlxalq Aqro Biznes Forumunda deyib.

Səfir bildirib ki, Azərbaycan və Türkiyə arasında aqrar sahədə, o cümlədən Qarabağda mühüm birgə investisiya layihələri həyata keçirilir. Onun sözlərinə görə, Cəbrayıldakı mərkəz ting istehsalı, texnologiya, təlim, laboratoriya və saxlama imkanları ilə təkcə Qafqaz üçün deyil, bütün Mərkəzi Asiya üçün böyük potensiala malikdir.

“Bu mərkəz Qarabağın bərpası və yenidən qurulması baxımından da böyük rəmzi əhəmiyyət daşıyır”, – deyə Birol Akgün vurğulayıb.

 

Diplomat iqlim dəyişikliyi, quraqlıq və ərzaq təminatı ilə bağlı çağırışların aqrar sahədə müasir texnologiyaların tətbiqini zəruri etdiyini bildirib. O qeyd edib ki, ərzaq təhlükəsizliyinin təmin olunması üçün ənənəvi kənd təsərrüfatı üsulları ilə kifayətlənmək mümkün deyil.

“Daha peşəkar və texnoloji kənd təsərrüfatı istehsalı, məhsulların saxlanması və istehsalın dayanıqlılığının təmin edilməsi vacibdir. Çətin dövrlərdə ölkələrin ərzaq təhlükəsizliyinin qorunması sizin əməkdaşlığınızdan, gələcəyə yönəlmiş plan və layihələrinizdən də asılıdır”, – səfir əlavə edib.

Birol Akgün Türkiyə və Azərbaycanın diplomatik nümayəndələrinin iş adamlarına dəstək göstərməyə davam edəcəyini vurğulayıb.

Regional nəqliyyat layihələrinə də toxunan səfir Zəngəzur dəhlizinin Şərq-Qərb marşrutlarının bir hissəsi olduğunu bildirib. Onun sözlərinə görə, normallaşma proseslərinin uğurla başa çatması və davamlı regional sülhün təmin olunması bölgənin iqtisadi inkişafına, həmçinin Orta Dəhlizin güclənməsinə töhfə verəcək.