Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

Gündəlik kreditlər üzrə 90 gündən çox gecikmə maliyyə çətinliyinin müəyyənləşdirilməsində 20 faizlik meyarla qiymətləndirilməyəcək.

Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Belə ki, “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nda edilən dəyişikliklər oktyabrın 10-dan qüvvəyə minib.

Mövcud qanunvericiliyə əsasən, borcalanın maliyyə çətinliyinin müəyyən edilməsi zamanı əsas meyarlardan biri onun kredit öhdəliklərinin vaxtında yerinə yetirilməməsidir. Belə ki, kredit bürolarının məlumatları əsasında borcalanın ümumi öhdəliklərinin ən azı 20 faizinin 90 gündən çox gecikdirilməsi maliyyə çətinliyinin göstəricilərindən biri hesab olunur.

Lakin yeni qərara əsasən, bu meyar gündəlik kreditlərə şamil edilməyəcək. Başqa sözlə, gündəlik kreditlər üzrə öhdəliklərin 90 gündən çox gecikdirilməsi borcalanın ümumi öhdəliklərinin ən azı 20 faizinin gecikdirilməsi ilə bağlı qeyd olunan konkret meyar əsasında qiymətləndirilməyəcək.

Belə ki, borcalanın maliyyə çətinliyinin yaranması dedikdə borcalanın pul axınlarının mövcud müqavilə şərtlərinə əsasən öhdəliklərinin icrası üçün adekvat olmaması, kredit bürolarının məlumatları əsasında borcalanın öhdəliklərinin ümumi məbləğinin ən azı 20 (iyirmi) faizinin 90 (doxsan) gündən (gündəlik kreditlər istisna olmaqla) çox gecikdirilməsi və ya belə halların baş verməsi ehtimalı və s. nəzərdə tutulur.

 

Müqavilə şərtlərinin dəyişdirilməsi dedikdə həmçinin yeni və ya əlavə güzəşt müddətinin (müəyyən olunmuş müddətdə ödənişlərin aparılmaması və ya yalnız faiz və (və ya) müqavilədə göstərilən digər ödənişlərin aparılması) verilməsi (gündəlik kreditlər istisna olmaqla) nəzərdə tutulur.

Borcalanın krediti bir dəfə restrukturizasiya olunduqda restrukturizasiya anında olan təsnifat kateqoriyasından yuxarı təsnifat kateqoriyasına aid edilə bilməz. Kredit (gündəlik kreditlər istisna olmaqla) iki dəfə və daha artıq restrukturizasiya olunduqda azı qeyri-qənaətbəxş aktiv kimi, restrukturizasiya anında “qeyri-standart” kateqoriyada olan kreditlər isə mövcud kateqoriyadan bir pillə aşağı kateqoriyada təsnifləşdirilməlidir.

Restrukturizasiya edilmiş kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-dən çox olmamalıdır.

“Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nın tələbləri nəzərə alınmaqla kreditin əsas məbləği üzrə qalıq məbləğinin 20%-nin ödənilməsi şərti ilə yalnız bir dəfə və maksimum 45 gün müddətinə restrukturizasiya olunur. Bu zaman gecikdirilmə faizləri və ya dəbbə pulu tətbiq edilmir.

Restrukturizasiya borcalanın maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə müqavilə şərtlərinin dəyişdirilməsi və ya eyni BOKT-də olan mövcud borc öhdəliklərinin icrasına yönəldilməsi üçün yeni borc öhdəliyi kimi rəsmiləşdirilməsi deməkdir.