9 oktyabr 2026-cı il tarixində Bakıda aqrar sektorun nümayəndələrini, biznes dairələrini və beynəlxalq tərəfdaşları bir araya gətirən III Beynəlxalq Aqro Biznes Forumu keçirilib.
Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB), Biznes TV və “Agriconnect Türkiye”-nin təşkilatçılığı ilə keçirilən forumun əsas məqsədi aqrar sektorda fəaliyyət göstərən şirkətlər arasında dayanıqlı B2B tərəfdaşlıqların qurulması, yeni biznes əlaqələrinin yaradılması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlayan III Beynəlxalq Aqro Biznes Forumu giriş nitqi ilə layihənin rəhbəri, Biznes TV-nin baş direktoru Nigar Ələsgərova açıb. Bildirib ki, tədbirin təşkilində məqsəd təkcə aqrar sektorun mövcud vəziyyətini müzakirə etmək deyil, həmçinin yeni əməkdaşlıqlar qurmaq, investisiya imkanlarını genişləndirmək və ideyaların real biznesə çevrilməsi üçün fürsət yaratmaqdır: “Cənab Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi qayğı, diqqət, ölkədə həyata keçirilən islahatlar bizi bu yolda daha da motivasiya edir və çalışırıq ki, bu qədər genişmiqyaslı, çoxşaxəli fəaliyyətlərdə biz də kiçik də olsa prosesə öz töhfəmizi vermiş olaq. Forumu yaradanda fikrimiz sadə idi: fermeri, emalçını, investoru, alıcını bir araya toplamaq, yerli sahibkarı xarici tərəfdaşlarla, layihəni isə real investoru ilə görüşdürmək. İdeya bir dəfə həyata keçirilə bilər, artıq üçüncü dəfə təkrarlanırsa, onun faydalılığından, ona olan ehtiyacdan və etimaddan söz gedir deməkdir”.
Forumda çıxış edən Azərbaycan–Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bildirib ki, Azərbaycanın iqlimi ölkədə aqrar sektorun inkişafı üçün çox münbit şərait yaradır: “Amma aqrar sektorun inkişafı dedikdə, yalnız əkin-biçin məsələləri, heyvandarlıq nəzərdə tutulmur. Bunu düzgün brendləşdirmək və satışını qurmaq, daxili və xarici bazara çıxarmaq nəzərdə tutulur. Bu mənada forum çərçivəsində B2B görüşlərdə xarici şirkətlərin nümayəndələrindən, dünyada kənd təsərrüfatında baş verən yenilikləri öyrənmək üçün çox böyük fürsətlər var.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün forumda qeyd edib ki, belə tədbirlər iki ölkə arasındakı tarixi qardaşlığın hər sahədə güclü olduğunu göstərir. Bu qardaşlığın təməlində ortaq tarixi keçmiş, din, dil, mədəniyyət durur.
Forumda çıxış edən Aqrar kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov bildirib ki, fermerlərin gələcək məhsulla bağlı öhdəlikləri əsasında istehsala başlamazdan əvvəl maliyyə əldə etməsinə imkan verəcək məhsul şəhadətnaməsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub: “Təklif olunan mexanizm şəhadətnamənin növündən asılı olaraq, istehsalçının öhdəliyini pul və ya məhsul təqdim etməklə yerinə yetirməsi nəzərdə tutulur. Agentlik sədri qeyd edib ki, müəyyən edilən meyarlara uyğun fermerlərə əkin subsidiyasının bir hissəsinin avans şəklində verilməsi də nəzərdə tutulur. Bu yanaşma mövsümün başlanğıcında yaranan vəsait ehtiyacının qarşılanmasına kömək edəcək. III Beynəlxalq Aqro Biznes Forumda çıxış edən Aqrar İnnovasiya Mərkəzinin rəhbəri Anar Cəfərov qeyd edib ki, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Azərbaycanda kənd təsərrüfatı sahəsinə dövlət və özəl sektorun iştirakı ilə ümumilikdə 6 milyard manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə fəaliyyət göstərən iş adamları və ixtisaslaşmış platformalarla sıx əməkdaşlığa önəm verir. Beynəlxalq Aqro Biznes Forumuna göstərilən dəstəyin əsas məqsədi də dövlət və özəl sektor arasında əlaqələrin daha sıx qurulmasıdır.
Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac potensialı mövcud infrastruktur imkanları tam formalaşdıqdan sonra 10 milyard dolları ötə bilər. Bunu isə Türk Dünyası Tarım Birliyinin sədri Doğan Başaran forumda çıxışında deyib. Bildirib ki, Türk Dövlətləri Təşkilatının hesabatlarına əsasən, ümumilikdə 180 milyon nəfərin yaşadığı bu coğrafiyada 50 milyondan çox insan kənd yerlərində yaşayır, 8 milyondan çox insan isə fermerliklə məşğul olur. Türk dövlətlərinin qarşısında duran əsas vəzifələrdən biri ərzaq müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, eləcə də birgə istehsal modellərinin inkişaf etdirilməsidir. Qeyd edib ki, forumda iştirak edən Türkiyənin 20-dən çox şirkətinin nümayəndəsi Azərbaycanda əməkdaşlıq və birgə investisiya imkanlarını nəzərdən keçirmək niyyətindədirlər.
“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Selcuk Demir qeyd edib ki, onlar maliyyə təşkilatı olaraq ölkədə aqrar sektorun inkişafı üçün sahibkarların yanında olmaqla yanaşı, onların biznesinin böyüməsi üçün lazım olan bütün dəstəyi verir. Bildirib ki, dünyanın gələcəyi artıq kənd təsərrüfatı, su və enerjidə cəmlənir. Bu sahələrdə gələcək müəyyən edilmədiyi təqdirdə dünyanın gələcəyi də, təəssüf ki, təhlükəli olacaq. Odur ki, kənd təsərrüfatı süfrəmizdəki çörəyimiz, iqtisadiyyatımızın və gələcəyimizin təminatıdır.
Forumda çıxışında Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) icraçı direktoru Zaur Kərimov deyib ki, 2028-ci ilədək olan strateji gündəlikdə ərzaq və aqrar sektorun dayanıqlı inkişafı əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu baxımdan biznes nümayəndələrinin təkliflərinin nəzərə alınması, sahibkarların üzləşdiyi çətinliklərin aidiyyəti dövlət qurumları ilə birgə müzakirəsi və onların həlli üçün praktiki mexanizmlərin hazırlanması mühüm əhəmiyyət daşıyır. “AmCham Azərbaycan” üzvlərinin təcrübəsi və yeni yaradılan Qida və Kənd Təsərrüfatı Komitəsinin fəaliyyəti ilə aqrar sektorun inkişafına töhfə verməyə hazır olduqlarını bildirən Z.Kərimov qeyd edib ki, növbəti Aqrobiznes Forumunun Qarabağda keçirilə bilər və bu təşəbbüsə dəstək göstərməyə hazırdırlar.
III Beynəlxalq Aqro Biznes Forum çərçivəsində beynəlxalq əməkdaşlıq, innovativ texnologiyalar, investisiya imkanları, yeni biznes modelləri, yerli və xarici bazarlara çıxış və aqrar sektorun inkişaf perspektivləri müzakirə olunub. Tədbirdə 200-dən çox aqrar sektor iştirakçısı və şirkət iştirak edib. Forumda kənd təsərrüfatında innovasiyaların və qabaqcıl texnologiyaların tətbiqi, şirkətlərin qlobal rəqabət qabiliyyətliliyinin artırılması, investisiya imkanlarının genişləndirilməsi və beynəlxalq bazarlara çıxış məsələləri diqqət mərkəzində olub.
Tədbir çərçivəsində aqrar sahənin müxtəlif istiqamətlərində fəaliyyət göstərən biznes nümayəndələri arasında B2B görüşlər təşkil oluub. İştirakçılar öz məhsul və xidmətlərini təqdim etmək, potensial tərəfdaşlarla birbaşa əlaqələr qurmaq, yeni əməkdaşlıq imkanlarını müzakirə etmək və biznes əlaqələrini genişləndirmək imkanı əldə ediblər. Forum çərçivəsində müvafiq dövlət və özəl qurumları ilə sahibkarların görüşləri keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Beynəlxalq Aqro Biznes Forumu artıq ənənə halını alan beynəlxalq biznes platformasıdır. 2023-cü ildə keçirilən ilk tədbirdə 10 ölkədən 55 şirkət və 900 iştirakçı, 2024-cü ildə təşkil olunan ikinci forumda isə 10 ölkədən 30 şirkət və 2000 iştirakçı tədbirə qatılıb. Forumun 4-cü dəfə 2027-ci ilin may ayında keçirilməsi planlaşdırılır.
III Beynəlxalq Aqro Biznes Forumunun Baş Sponsoru — Ziraat Bank Azərbaycandır. Forumun sponsorları sırasında “Agro Union” MMC, “ELBA CHEM” QSC və “Aqromarket Servis” MMC yer alır. Aqrar İnnovasiya Mərkəzi forumun rəsmi tərəfdaşıdır. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan), Türk Dünyası Tarım Birliyi və Fayda İş Adamları Platforması isə forumun tərəfdaşları sırasındadır.