Səudiyyə Ərəbistanının enerji naziri Əbdüləziz bin Salman bazar günü bəyan edib ki, Krallıq istənilən şəraitdə fasiləsiz neft tədarükünü təmin etməyə sadiqdir. O, Səudiyyə Ərəbistanını “simurq quşu”na bənzədərək bildirib: “Biz hər dəfə, təkrar-təkrar küllərimizdən yenidən doğuluruq və heç kim bizim əzmimizi sındıra bilməz”.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanı Enerji Nazirliyinin məlumatına görə, bu bəyanat İtaliya və Nigeriyanın həmsədrliyi, Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi “Yeni dövrdə enerji təhlükəsizliyi və ortaq məqsədlər” mövzusunda 17-ci Beynəlxalq Enerji Forumu Nazirlər Toplantısının (IEF17) açılışı zamanı verilib.
Toplantı davam edən regional gərginliklər və enerji bazarlarında pozuntular fonunda keçirilib; bu vəziyyət fevralın sonlarında ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlaması, ardınca iyul ayında Tehranla müttəfiq olan Yəmənin husi qruplaşmasının Səudiyyə Ərəbistanına hücumları bərpa etməsi nəticəsində yaranıb.
Əbdüləziz bin Salman bildirib: “Krallıq enerji təchizatının etibarlılığını təmin etmək, investisiyaları davam etdirmək, həmçinin müxtəlif şərait və çağırışlarla üzləşməyə hazır qalmaq bacarığını nümayiş etdirir”.
O, Səudiyyə Ərəbistanının öz öhdəliklərinə əməl etməyə sadiqliyini bir daha təsdiqləyərək deyib: “İndi hamı anlayır ki, Krallıq möhkəm dayanmaq və çağırışlara sinə gərmək gücündədir. Şərait necə olursa-olsun, heç kim bizim qətiyyətimizi sarsıda və ya tərəqqi yolunu davam etdirmək və öhdəliklərimizi yerinə yetirmək niyyətimizdən yayındıra bilməz. Heç kim bizim əzmimizi sındıra bilməz. Biz simurq quşu kimiyik; hər dəfə, təkrar-təkrar küllərimizdən yenidən doğuluruq. Buna görə də, ölkənin və Ər-Riyad şəhərinin enerji təhlükəsizliyinin paytaxtı olması ilə bağlı qəti inamımı sizinlə bölüşməkdən məmnunluq duyuram”.
Nazir qeyd edib ki, “Şərq-Qərb” boru kəməri Krallığın enerji sisteminin dayanıqlılığını gücləndirmək istiqamətindəki uzaqgörənliyini əks etdirir; belə ki, bu kəmər Qırmızı dəniz sahilindəki Yanbu vasitəsilə qlobal bazarlara təchizatın daşınması üçün alternativ marşrutdur.
Toplantıda iştirak edən nazirlər mülki infrastrukturu hədəf alan hücumlardan sonra Səudiyyə Ərəbistanı və onun xalqı ilə tam həmrəylik nümayiş etdiriblər. Onlar vurğulayıblar ki, nazirlər səviyyəsində görüşün Ər-Riyadda keçirilməsi Krallığın yüksək dərəcədə dayanıqlılığını nümayiş etdirir, həmçinin birlik və ortaq öhdəlik ruhunu əks etdirir.