Çexiya Azərbaycan şirkətləri üçün Avropa İttifaqı bazarına çıxışda mühüm tərəfdaş ola bilər - Radek Şpicar

Çexiya Azərbaycan şirkətləri üçün Avropa İttifaqı bazarına çıxışda mühüm tərəfdaş ola bilər.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Çexiya Sənaye və Nəqliyyat Konfederasiyasının vitse-prezidenti Radek Şpicar bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.

“Azərbaycanı yalnız məhsullarımızın və xidmətlərimizin son ünvanı kimi deyil, regionda daha geniş fəaliyyət göstərmək üçün potensial mərkəz kimi görürük. Eyni zamanda, Çexiya Azərbaycan şirkətləri üçün Avropa İttifaqı bazarına çıxışda mühüm tərəfdaş ola bilər”, - deyə o bildirib.

R.Şpicarın sözlərinə görə, Azərbaycan ilə Çexiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. O qeyd edib ki, Azərbaycanın neft hasilatına əsaslanan iqtisadiyyatdan yüksək əlavə dəyər yaradan sənaye və xidmət sektorlarına keçid strategiyası, eləcə də regionda mühüm iqtisadi mərkəzə çevrilmək planları Çexiya biznes dairələrinin diqqətini cəlb edir.

“Azərbaycanın iqtisadiyyatını transformasiya etmək, yüksək səviyyəli sənaye və xidmət sahələrini inkişaf etdirmək, eləcə də regionda mərkəzə çevrilmək strategiyasını diqqətlə izləyirik. Hesab edirik ki, bu istiqamətlər ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanlar yaradır”, - deyə o vurğulayıb.

Konfederasiyanın vitse-prezidenti bildirib ki, Çexiya Avropanın ənənəvi sənaye mərkəzlərindən biridir və ölkənin şirkətləri beynəlxalq bazarlarda rəqabətədavamlı məhsul və xidmətlər təklif edirlər. Onun sözlərinə görə, Çexiya şirkətləri Avropa İttifaqı ilə yanaşı, ABŞ, Cənub-Şərqi Asiya, Latın Amerikası və Afrika bazarlarında da uğurla fəaliyyət göstərirlər.

“Çexiya güclü sənaye ənənələrinə malik ölkədir. Şirkətlərimiz təkcə Avropa bazarında deyil, dünyanın ən tələbkar bazarlarında da rəqabət aparırlar. Onlar yüksək keyfiyyətli məhsullar təklif edir və beynəlxalq bazarlarda öz mövqelərini qoruyurlar”, - deyə R.Şpicar qeyd edib.

O bildirib ki, Çexiya şirkətləri metro qatarları, dəmir yolu nəqliyyatı vasitələri, avtobuslar və müdafiə sənayesi məhsulları istehsal edir, mürəkkəb coğrafi şəraitdə hava limanlarının tikintisi kimi layihələr həyata keçirirlər. Çexiya, həmçinin təyyarələrin layihələndirilməsi və istehsalını tam dövr üzrə həyata keçirə bilən ölkələr sırasındadır.

 

R.Şpicar Çexiya şirkətlərinin beynəlxalq bazarlarda uğurunu məhsulların yüksək keyfiyyəti, qiymət və keyfiyyət arasındakı əlverişli nisbət, yerli tərəfdaşlarla bərabərhüquqlu əməkdaşlıq və satışdan sonrakı xidmətlərlə əlaqələndirib.

“Şirkətlərimizin uğurunun əsas səbəblərindən biri yüksək keyfiyyətli məhsulları rəqabətədavamlı qiymətlərlə təklif etmələridir. Bununla yanaşı, yerli tərəfdaşlarla əməkdaşlığa, birgə müəssisələrin yaradılmasına və yerli kadrların hazırlanmasına böyük əhəmiyyət veririk. Müştərilərə xidmət də bizim üçün prioritetdir”, - deyə o bildirib.

R.Şpicar Azərbaycanın Çexiya şirkətləri üçün də geniş regional imkanlar yarada biləcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan yalnız Çexiya məhsul və xidmətlərinin satıldığı bazar deyil, həm də şirkətlərin regionun digər ölkələrində fəaliyyətini genişləndirməsi üçün potensial mərkəzdir.

O əlavə edib ki, ağır maşınqayırma, nəqliyyat, informasiya texnologiyaları, avtomobil və kimya sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin şirkətləri üçün yeni imkanlar yarada bilər.

Çexiya Sənaye və Nəqliyyat Konfederasiyasının vitse-prezidenti qeyd edib ki, Azərbaycana biznes nümayəndə heyətinin tərkibində səfər etmək istəyən şirkətlərdən çoxsaylı müraciətlər daxil olub. Lakin hökumət təyyarəsində yerlərin məhdud olması səbəbindən bütün şirkətləri nümayəndə heyətinə daxil etmək mümkün olmayıb.

“Azərbaycana gəlmək və bu biznes nümayəndə heyətinə qoşulmaq istəyən şirkətlərdən çoxlu müraciətlər almışdıq. Təəssüf ki, hökumət təyyarəsində yerlərin sayı məhdud olduğundan bütün şirkətləri nümayəndə heyətinə daxil edə bilmədik”, - deyə R.Şpicar bildirib.

O, həmçinin iki ölkə arasında uzunmüddətli tarixi, siyasi, sosial və biznes əlaqələrinin mövcud olduğunu, son dövrlərdə əməkdaşlığın daha da intensivləşdiyini vurğulayıb.

R.Şpicarın fikrincə, biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi, birgə müəssisələrin yaradılması və uzunmüddətli tərəfdaşlıqların qurulması Azərbaycan ilə Çexiya arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verə bilər.