Azərbaycan Çexiya şirkətləri ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır - Şahin Babayev

Azərbaycan Çexiya şirkətləri ilə nəqliyyat, logistika, dəmir yolu infrastrukturu, şəhər mobilliyi və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.

O bildirib ki, Azərbaycan və Çexiya arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və işgüzar dairələr arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.

“Azərbaycan və Çexiya tərəfdaşlarına ikitərəfli əlaqələrin gücləndirilməsinə və sıx əməkdaşlığın təşviqinə sadiqliklərinə görə təşəkkürümü bildirirəm. Bu forum şirkətlərimizə qarşılıqlı maraq doğuran istiqamətləri müəyyənləşdirmək və yeni əməkdaşlıq imkanlarını müzakirə etmək üçün əlverişli platforma yaradır”, - deyə Ş.Babayev qeyd edib.

Onun sözlərinə görə, qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər fonunda biznes üçün etibarlı, səmərəli və dayanıqlı nəqliyyat marşrutlarının əhəmiyyəti artır. Azərbaycan bu istiqamətdə Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına investisiyalar yatırır, həmçinin Şimal-Cənub marşrutu üzrə əlaqələrin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.

“Bizim məqsədimiz yalnız tranzit ölkə olmaq deyil, həm də biznes və investorlar üçün əlavə dəyər yaradan regional logistika mərkəzinə çevrilməkdir. Çexiya şirkətləri öz texnologiyaları, mühəndislik təcrübələri və uzunmüddətli sənaye tərəfdaşlıqları ilə bu prosesə töhfə verə bilərlər”, - deyə o vurğulayıb.

Ş.Babayev qeyd edib ki, Çexiyanın sənaye və mühəndislik sahələrindəki təcrübəsi Azərbaycanın nəqliyyat infrastrukturunun modernləşdirilməsi planları ilə uzlaşır. Xüsusilə dəmir yolu sisteminin yenilənməsi, rəqəmsallaşdırılması və əməliyyat səmərəliliyinin artırılması istiqamətlərində əməkdaşlıq potensialı mövcuddur.

“Dəmir yolu infrastrukturu əməkdaşlıq üçün perspektivli istiqamətlərdən biridir. Azərbaycanın dəmir yolu sisteminin modernləşdirilməsi və rəqəmsallaşdırılması, əməliyyat səmərəliliyinin yüksəldilməsi üzrə həyata keçirdiyi işlər Çexiya şirkətləri üçün yeni imkanlar yaradır. Dəmir yolu mühəndisliyi, avadanlıq təchizatı və innovativ texnologiyalar sahələrində təcrübə mübadiləsi qarşılıqlı faydalı nəticələr verə bilər”, - deyə AZCON-un icraçı direktoru bildirib.

O, hava nəqliyyatının da iki ölkə arasında iqtisadi və işgüzar əlaqələrin inkişafında mühüm rol oynadığını deyib.

 

Ş.Babayevin sözlərinə görə, “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Praqa marşrutu üzrə həftədə dörd dəfə müntəzəm uçuşlar həyata keçirir. 2026-cı ildə bu marşrut üzrə uçuşların ümumi sayının əvvəlki illə müqayisədə 14 faiz artaraq 194-ə çatacağı gözlənilir.

O əlavə edib ki, hava əlaqələrinin genişlənməsi işgüzar səfərlərin asanlaşdırılmasına, turizmin inkişafına və iki ölkənin biznes dairələri arasında birbaşa təmasların artmasına şərait yaradır.

Ş.Babayev şəhər nəqliyyatı və sənaye sahələrində əməkdaşlığın perspektivlərinə də diqqət çəkib. Onun sözlərinə görə, metro infrastrukturu, şəhər mobilliyi, mexaniki mühəndislik, metal emalı və avadanlıq istehsalı sahələrində ixtisaslaşmış Çexiya şirkətləri Azərbaycanın modernləşmə layihələrinə öz təcrübələri ilə töhfə verə bilərlər.

O bildirib ki, nəqliyyat və kommunikasiya sektorlarında fəaliyyət göstərən qurumların rəqəmsal həllərdən və süni intellekt texnologiyalarından istifadəsi də əməkdaşlığın perspektivli istiqamətlərindəndir.

AZCON-un fəaliyyət istiqamətlərinə toxunan Ş.Babayev qeyd edib ki, holdinqin portfeli hava və dəmir yolu nəqliyyatından dəniz daşımalarına, şəhər mobilliyinə, telekommunikasiyaya, peyk xidmətlərinə, rəqəmsal həllərə və süni intellektə qədər geniş sahələri əhatə edir.

Onun sözlərinə görə, bu sahələrdə Çexiya şirkətləri ilə əməkdaşlıq texnoloji imkanların genişləndirilməsi, innovativ həllərin tətbiqi və sənaye əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir.

Ş.Babayev vurğulayıb ki, biznes forumu iki ölkənin şirkətlərinə qarşılıqlı maraq doğuran layihələri müzakirə etmək və gələcək tərəfdaşlıqlar üçün konkret istiqamətlər müəyyənləşdirmək imkanı verir. Forumdan sonra ikitərəfli görüşlərin və obyektlərə səfərlərin təşkili də əməkdaşlığın praktiki müstəvidə inkişafına xidmət edir.

O qeyd edib ki, Azərbaycan və Çexiya arasında işgüzar əlaqələrin gücləndirilməsi, texnologiya və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi maraqlarına uyğundur.