Çexiya Azərbaycanla birgə logistika operatoru yaratmaq istəyir (ÖZƏL)

Çexiya Azərbaycanla birgə logistika operatoru yaratmaq istəyir.

Bu barədə Çexiyanın nəqliyyat naziri İvan Bednarjik Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə səfəri ərəfəsində bazar ertəsi Trend-ə verdiyi özəl müsahibədə bildirib.

Nazir mülki aviasiyanı əməkdaşlığın perspektivli istiqamətlərindən biri kimi qeyd edib.

“Bakı ilə Praqa arasında birbaşa hava əlaqəsinin yaradılması imkanlarını, eləcə də hava limanı infrastrukturu, mütəxəssislərin hazırlanması və hava hərəkətinin təhlükəsiz idarə olunması texnologiyaları sahələrində əməkdaşlığı müzakirə etmək istəyirik. Məsələn, ERA şirkəti Azərbaycanda artıq mövcud olan iş təcrübəsinə əsaslanaraq fəaliyyətini genişləndirə bilər”, – deyə Bednarjik qeyd edib.

Onun sözlərinə görə, Çexiya tərəfi Azərbaycanla dəmir yolu yükdaşımaları və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün də böyük potensial görür.

 

“Mənimlə birlikdə Bakıya Çexiyanın dəmir yolu ilə yükdaşımalar üzrə ən böyük operatoru olan "ČD Cargo" şirkətinin baş direktoru da gələcək. Şirkət təkcə Çexiyada deyil, Slovakiya, Macarıstan, Polşa, Avstriya və Almaniyada da fəaliyyət göstərir.

Azərbaycanlı tərəfdaşlarımızla yüklərin göndəricidən alıcıya çatdırılması üçün rəqabətə davamlı tariflər təklif edəcək, multimodal daşımaları əlaqələndirəcək və tranzit prosedurlarının sadələşdirilməsini təmin edəcək birgə logistika operatorunun yaradılması imkanlarını da müzakirə etməkdə maraqlıyıq”, – deyə nazir əlavə edib.

Bednarjik həmçinin vurğulayıb ki, "ČD Cargo" və "EGT Express" də daxil olmaqla, Çexiyanın dəmir yolu operatorları, eləcə də müvafiq sahə və logistika assosiasiyaları beynəlxalq yükdaşımalar sahəsində əhəmiyyətli təcrübəyə malikdirlər və inteqrasiya olunmuş logistika xidmətlərinin inkişafına töhfə verə bilərlər.

""OMNIPOL Group" və "Škoda Group" şirkətlərinin təmsil edəcəyi hava nəqliyyatı əlaqələri və şəhər mobilliyi sahələrində də yeni tərəfdaşlıqlar üçün perspektivlər görürük. Oktyabrın 12-də Bakıda keçirilməsi planlaşdırılan Çexiya-Azərbaycan biznes forumu konkret işgüzar əlaqələrin qurulması üçün yaxşı imkan olacaq", – deyə o, bildirib.