Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Türkiyənin aparıcı müdafiə şirkətləri xaricdə istehsal olunmuş elektrikli nəqliyyat vasitələrinin öz obyektlərinə daxil olmasını qadağan edib.

AZƏRTAC xəbər verir ki, sözügedən qərar bu nəqliyyat vasitələrinin kəşfiyyat toplama və kiberhücumlar üçün potensial istifadəsi ilə bağlıdır.

Türkiyənin təyyarə mühərrikləri hazırlayan, istehsal edən və xidmət göstərən aparıcı şirkəti olan TEI-nin baş direktoru Mahmut Faruk Akşin “Türkiye” qəzetinə verdiyi açıqlamada süni intellekt texnologiyası və internetə çıxışı olan elektrikli nəqliyyat vasitələrinin hərbi-sənaye sektoru üçün potensial risk mənbəyi olduğunu bildirib.

O vurğulayıb ki, məlumatları qorumaq və kiberhücumlara qarşı mübarizə aparmaq üçün xaricdə istehsal olunmuş elektromobillərin TEI obyektlərinə daxil olması qadağandır. Müdafiə şirkətləri ASELSAN, ROKETSAN və HAVELSAN da oxşar qadağalar tətbiq edib.

Giriş icazəsi yalnız yerli proqram təminatı olan Türkiyə elektrikli nəqliyyat vasitələrinə veriləcək. M.F. Akşin bunu belə izah edib: “İdxal olunmuş süni intellektlə işləyən nəqliyyat vasitələri casusluq və uzaqdan hücumlar üçün istifadə edilə, həm də sürücü bundan xəbərsiz də ola bilər”.