Azərbaycanın logistika imkanları İzmirdə təqdim olunub

Türkiyənin İzmir şəhərində keçirilən 5-ci Beynəlxalq Logistika, Anbar və Texnologiyalar Sərgisi – “LOGISTECH 2026” başa çatıb. İzmir Sərgi Mərkəzində təşkil olunan tədbirdə ölkəmizin pavilyonunda Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) və ona üzv olan, ölkənin aparıcı 9 nəqliyyat şirkəti stendlə yer alıb, ümumilikdə isə sərgidə 16 şirkət və 32 nəfərlik nümayəndə heyəti iştirak edib. Azərbaycan povilyonu sərgi iştirakçılarının və qonaqların böyük marağına səbəb olub.

Bu barədə AZƏRTAC-a açıqlamasında AGTL-in Qadın Komitəsinin sədri Lamiyə Xəlilova deyib.

O qeyd edib ki, sərgi boyunca logistika, yükdaşıma, anbar, gömrük və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, B2B görüşlər keçirilib: “Logistika və yükdaşıma sektorunun nümayəndələri ilə işgüzar görüşlər və danışıqlar apardıq. Yeni tərəfdaşlıqların qurulması, birgə layihələrin həyata keçirilməsi və Azərbaycan-Türkiyə logistika əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə etdik”.

Lamiyə Xəlilova deyib ki, sərgi çərçivəsində AGTL-in sədri Vüsal Qasımov müxtəlif görüşlər keçirib. Görüşlərdə Azərbaycan logistika sektorunun imkanları təqdim olunub, Azərbaycanın geniş tranzit potensialı, Zəngəzur dəhlizinin yaradacağı fürsətlər müzakirə edilib. Həmçinin Azərbaycan və Türkiyə şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, yeni layihələrin həyata keçirilməsi və qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Vüsal Qasımov müxtəlif səviyyəli görüşlərdə ölkəmizdə sahənin inkişafı ilə əlaqəli görülən işlər barədə geniş məlumat verib.

AGTL və üzv şirkətlərin “LOGISTECH 2026”-da iştirakı Azərbaycan logistika sektorunun beynəlxalq səviyyədə təmsilçiliyinin genişləndirilməsinə, ölkənin logistika imkanlarının təqdim olunmasına və Türkiyə ilə əməkdaşlığın inkişafına xidmət edib.