Azərbaycanda bütün bankların ani ödənişlər xidmətinə qoşulması fintex şirkətləri üçün yeni imkanlar yaradıb. Yerli fintexlər açıq bankçılıq əsaslı məhsullar hazırlamaqla yanaşı, öz fəaliyyətlərini Türkiyə, Özbəkistan, Qazaxıstan və digər region ölkələrinin bazarlarında da genişləndirə bilərlər.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov çərşənbə axşamı “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı”nda deyib.
O bildirib ki, Azərbaycanda formalaşan rəqəmsal maliyyə infrastrukturu yerli fintex şirkətlərinin inkişafı və onların beynəlxalq bazarlara çıxışı baxımından mühüm əhəmiyyət daşıyır.
“Bütün bankların bu xidmətə qoşulması fintexlər üçün böyük imkanlar yaradıb. Xüsusilə açıq bankçılıq əsaslı məhsulların hazırlanması sahəsində yerli fintexlərin əldə etdikləri təcrübəni təkcə Azərbaycanda deyil, digər türk dövlətlərində və region ölkələrində də tətbiq etmələri mümkündür”, - deyə sədr müavini qeyd edib.
V.Xəlilovun sözlərinə görə, Mərkəzi Bank Türkiyə, Özbəkistan, Qazaxıstan və digər region ölkələrinin mərkəzi bankları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq maliyyə texnologiyaları sahəsində təcrübə mübadiləsi və yerli şirkətlərin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
O bildirib ki, fintex şirkətlərinin müxtəlif ölkələrdə məhsullarını sınaqdan keçirməsi və tətbiq etməsi üçün xüsusi tənzimləmə rejimlərinin - "sandbox" mexanizmlərinin yaradılması da mühüm imkanlardan biridir. Bu mexanizmlər innovativ maliyyə məhsullarının müəyyən edilmiş şərtlər çərçivəsində sınaqdan keçirilməsinə şərait yaradır.
Sədr müavini əlavə edib ki, fintex şirkətləri ölkələrarası ödənişlərin ("cross-border payments") daha sürətli və daha az xərclə həyata keçirilməsinə də töhfə verə bilərlər. Bu istiqamətdə regional əməkdaşlığın və maliyyə infrastrukturları arasında inteqrasiyanın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.