İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir

Türkiyə və Azərbaycan arasında maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, ödəniş sistemlərinin inkişafı və sərhədlərarası ödəniş imkanlarının artırılması mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Respublikası Mərkəzi Bankının Ödəniş Sistemləri və Maliyyə Texnologiyaları üzrə icraçı direktoru Ahmet Buğday Bakıda keçirilən “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər tərəfdaşlıq mədəniyyətinə və güclü qardaşlıq bağlarına əsaslanır: “Bu yaxınlığın iqtisadi əlaqələrdə və yeni əməkdaşlıq istiqamətlərində də öz əksini tapması vacibdir. Maliyyə texnologiyaları şirkətlərini, maliyyə qurumlarını, investorları və sektor nümayəndələrini bir araya gətirən proqram türk dövlətləri arasında daha geniş maliyyə əməkdaşlığı üçün mühüm imkanlar yaradır”.

İcraçı direktor qeyd edib ki, maliyyə texnologiyaları sahəsində əməkdaşlığın əsas istiqamətlərindən biri ödəniş sistemləridir. Türkiyədə 2021-ci ildən fəaliyyət göstərən FAST ani ödəniş sistemi günün istənilən saatında, saniyələr ərzində ödənişlərin həyata keçirilməsinə imkan verir. Hazırda sistem vasitəsilə gündəlik orta hesabla təxminən 17 milyon əməliyyat reallaşdırılır, rekord günlərdə isə bu göstərici 30 milyona çatır.

O, həmçinin açıq bankçılıq, asan ünvanlama və ödəniş sorğusu kimi xidmətlərdən istifadənin genişləndiyini vurğulayıb: "Azərbaycanda Ani Ödənişlər Sistemi, AZQR və açıq bankçılıq sahəsində həyata keçirilən təşəbbüslər rəqəmsal ödəniş ekosisteminin inkişafına töhfə verir. Hər iki ölkənin bu sahədə əldə etdiyi təcrübə qarşılıqlı bilik mübadiləsi və yeni biznes modellərinin hazırlanması baxımından əhəmiyyətlidir".

İcraçı direktor bildirib ki, gələcəyin maliyyə infrastrukturunun formalaşdırılmasında əsas məsələ müxtəlif ölkələrin eyni texnologiyadan və ya ödəniş sistemindən istifadə etməsi deyil, fərqli infrastrukturların təhlükəsiz və səmərəli şəkildə qarşılıqlı fəaliyyət göstərməsidir. Tokenləşdirmə və mərkəzi bankların rəqəmsal valyutaları sahəsində görülən işlər də sərhədlərarası maliyyə əməliyyatları üçün yeni imkanlar yarada bilər.