Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Müasir geoiqtisadi şəraitdə Azərbaycan və Türkiyə üçün iqtisadi münasibətlərin dərinləşdirilməsi yalnız ticarət dövriyyəsinin artırılması demək deyil. Bu, eyni zamanda, istehsal zəncirlərinin formalaşdırılması, qarşılıqlı investisiyaların genişləndirilməsi, yeni ixrac bazarlarına çıxış və Türk dünyasının iqtisadi inteqrasiyasının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kırıkkale Universitetinin doktoru, beynəlxalq iqtisadiyyat üzrə ekspert Merve Suna Özel Özcan deyib. O bildirib ki, qarşılıqlı münasibətlərdə əsas məsələ mövcud siyasi etimadı uzunmüddətli, rəqabətqabiliyyətli və yüksək əlavə dəyər yaradan iqtisadi əməkdaşlığa çevirməkdir: “Azərbaycan və Türkiyənin iqtisadi əməkdaşlığında nəqliyyat-logistika sektoru gələcək inkişafın ən perspektivli istiqamətlərindən biridir. Azərbaycanın Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya, Türkiyə vasitəsilə isə Avropa bazarlarına çıxışı iki ölkəyə beynəlxalq yükdaşımalar sistemində mühüm mövqe qazandırır”.

Ekspert nəzərə çatdırıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Türkiyənin dəmir yolu şəbəkəsi və Avropa istiqamətindəki nəqliyyat əlaqələri vahid logistika zəncirinin formalaşdırılmasına şərait yaradır. Orta Dəhliz Çin və Mərkəzi Asiyadan çıxan yüklərin Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınması üçün alternativ marşrutdur. Geosiyasi risklərin və təchizat zəncirlərinin yenidən qurulmasının aktuallaşdığı şəraitdə bu marşrutun əhəmiyyəti artır.

“Azərbaycan-Türkiyə əməkdaşlığının bu sahədə inkişafı yükdaşımaların həcminin artırılması və tranzit gəlirlərinin yüksəldilməsi, logistika mərkəzlərinin, anbarların və gömrük terminallarının inkişafı, dəmir yolu və dəniz nəqliyyatının inteqrasiyası hesabına çatdırılma müddətlərinin azaldılması kimi iqtisadi nəticələr verə bilər. Həmçinin elektron gömrük, yükizləmə və rəqəmsal tranzit sistemlərinin tətbiqini, Türkiyə və Azərbaycan şirkətlərinin Mərkəzi Asiya və Avropa bazarlarında birgə fəaliyyətinin genişləndirilməsini labüd edə bilər. Bununla yanaşı, Orta Dəhlizin rəqabət qabiliyyəti yalnız coğrafi üstünlüklə müəyyənləşmir. Limanların, dəmir yollarının və sərhəd-keçid məntəqələrinin buraxılış qabiliyyəti, tariflər, sənədləşmə müddəti və müxtəlif ölkələrin gömrük sistemləri arasındakı uyğunluq həlledici amillərdir. Ona görə də Azərbaycan və Türkiyə üçün prioritetlərdən biri fiziki infrastruktura investisiyalarla yanaşı, logistika xidmətlərinin rəqəmsallaşdırılması və tranzit prosedurlarının əlaqələndirilməsi olmalıdır”, - deyə müsahibimiz bildirib.

Ekspert qeyd edib ki, Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin perspektivləri geniş və çoxşaxəlidir. 2025-ci ildə 5,72 milyard dollarlıq ticarət dövriyyəsi, 1995–2025-ci illərdə qarşılıqlı istiqamətlər üzrə 18,4 milyard və 21,1 milyard dollarlıq birbaşa investisiya göstəriciləri iki ölkə arasında iqtisadi tərəfdaşlığın əhəmiyyətli miqyasını ortaya qoyur. Eyni zamanda, 15 milyard dollarlıq ticarət hədəfi mövcud imkanların daha geniş səviyyədə reallaşdırılmasına ehtiyac olduğunu göstərir.

O əlavə edib ki, gələcək uğurun əsas şərti siyasi yaxınlığı iqtisadi məhsuldarlığa çevirməkdir. Bunun üçün enerji sektorunda əməkdaşlıq davam etməli, qeyri-neft sənayesi gücləndirilməli, Orta Dəhlizin imkanlarından daha səmərəli istifadə olunmalı, qarşılıqlı investisiyalar yeni texnologiyalara və istehsal sahələrinə yönəldilməlidir. Onun fikrincə, Azərbaycan və Türkiyənin iqtisadi potensiallarının əlaqələndirilməsi hər iki ölkənin ixrac imkanlarını genişləndirə, yeni iş yerləri yarada və regional iqtisadi inteqrasiyanı dərinləşdirə bilər. Uzunmüddətli perspektivdə ən böyük nailiyyət təkcə daha çox mal alıb-satmaq deyil, iki ölkənin birlikdə istehsal etdiyi, texnoloji baxımdan rəqabətqabiliyyətli və dünya bazarlarına çıxarılan məhsulların payını artırmaq olacaq.

Beləliklə, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının növbəti mərhələsi enerji və ticarət əlaqələrindən sənaye, innovasiya, yaşıl enerji və inteqrasiya olunmuş logistika sistemlərinə doğru genişlənmə ilə səciyyələnə bilər. Bu istiqamətdə ardıcıl və nəticəyönümlü siyasət iki ölkənin strateji tərəfdaşlığını daha dayanıqlı iqtisadi modelə çevirə bilər.